Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəylinin pedaqoji fəaliyyətinə həsr olunmuş elmi konfrans keçirilib
Bakı, 19 sentyabr, AZƏRTAC
“Üzeyir Hacıbəyli – 140” XVII Beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəylinin pedaqoji fəaliyyəti” mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə dahi bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətində ictimai xadim, bəstəkar, pedaqoq kimi fəaliyyətindən söhbət açıb.
F.Əlizadə qeyd edib ki, Üzeyir bəyin əsərlərinin bütün dünyanın müxtəlif konsert salonlarında səslənib. O, festivalda, nəinki Azərbaycanlıların eləcə də, bir çox müxtəlif xalqların nümayəndələrinin iştirakını, həmçinin bölgələrdə Şuşada, Xankəndində, Gəncədə keçirilən konsert və tamaşaları yüksək qiymətləndirib.
Konfransda Əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə elmlər doktoru, professor İmruz Əfəndiyeva “Dahi Üzeyir Hacıbəylinin tələbələri haqqında musiqi düşüncələri”, Əməkdar incəsənət xadimi, Fəlsəfə üzrə elmlər doktoru, professor Gülnaz Abdullazadə “Üzeyir Hacıbəylinin pedaqoji fəaliyyətində çoxşaxəlilik”, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova “Üzeyir Hacıbəylinin Azərbaycan musiqi təhsilinin təşəkkülündə rolu”, musiqişünas Aysel Kərim “Üzeyir Hacıbəyli irsinin təbliğində Azərbaycan Bəstəkarlar İttifaqının rolu” adlı mövzularla çıxış ediblər.
Təqdim olunan məruzələr Üzeyir bəy yaradıcılığının nə qədər zəngin olmasını və eyni zamanda bu gün də araşdırmaya ehtiyac duymasını nümayiş etdirib.
Konfransın bədii hissəsində Üzeyir bəyin “Sevgili canan” qəzəl-romansını (söz: Nizami Gəncəvi) Ü.Hacıbəyli adına BMA-nın tələbələri İsmayıl Əsədli, “Firuzə” operasından Firuzənin ariyasını Nuray İsmayılova, konsertmeyster Dilarə Kərimovanın ifasında səslənib.