Bəstəkarlar İttifaqında Xocalı soyqırımı anılıb
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Azərbaycan Bəstəkarlar İttifaqında Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək xalqımızın ən yaxın tarixinə qanla yazılmış Xocalı soyqırımından, eləcə də ermənilərin azərbaycanlılara qarşı törətdikləri dəhşətli qətliamdan danışıb. Diqqətə çatdırılıb ki, Xocalı soyqırımına siyasi-hüquqi qiymət yalnız ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra verilib.
Bu faciəli günü xalqımızın heç vaxt unutmayacağını vurğulayan F.Əlizadə bəstəkarlarımızın bu soyqırıma bir sıra əsərlər həsr etdiklərini diqqətə çatdırıb. Qeyd edib ki, bu gün səslənəcək Azər Dadaşovun “Xocalı naləsi” əsəri ilk dəfədir ki, ifa olunur.
Sonra musiqilər səsləndirilib. Azər Dadaşovun “Xocalı naləsi” əsərini prezident mükafatçısı, beynəlxalq müsabiqələr laureatı Ceyla Seyidova ifa edib. Həmçinin Mehriban Əhmədovanın “Ata millət, ana millət, ağlama” mahnısı və Yusif Mirişlinin “Xocalı 613” simfonik poemasının lent yazıları səsləndirilib.