BƏXTİYAR VAHABZADƏNİN “ƏSƏRLƏRİ”NİN X VƏ XI CİLDLƏRİ ÇAPDAN ÇIXMIŞDIR
Bu cildlər çağdaş ədəbiyyatımızın 80 yaşlı canlı klassikinin çoxşaxəli zəngin yaradıcılığında önəmli yer tutan publisistikasını əhatə edir.
Vətəndaş şairin poeziya və dramaturgiyasının mayasını, qayəsini təşkil edən Vətən və Xalq sevgisi, Milli İstiqlal, Haqq-ədalət, Ana dili, mənəvi-əxlaqi saflıq kimi taleyüklü və bəşəri problemlər görkəmli ictimai xadim, pedaqoq, mütəfəkkir alim, nəhayət, müdrik el ağsaqqalı B.Vahabzadənin bu cildlərdəki “Vətən sevgisi”, “Ana dilim-varlığım”, “Mənəviyyat”, “Tarix, tarixi abidələr”, “Problemlər”, “Şəxsiyyətlər” (X cild), “Çıxışlar, rəylər, məktublar”, “Müsahibələr”, “Səfər təəssüratları, görüşlər” (XI cild) bölmələrində toplanmış publisistik məqalələrində, müxtəlif məclislərdə, o cümlədən, millət vəkili kimi, parlamentdəki çıxışlarında, ayrı-ayrı ədəbi və elmi əsərlərə, bu və ya digər ictimai-siyasi və ədəbi-mədəni məsələlərə dair rəy və məktublarında, çoxsaylı müsahibələrində, səfər təəssüratlarında, görüşləri ilə bağlı yazılarda da eyni yüksək bədii-emosional vüsətlə qaldırılır. Oxucular bu cildlər vasitəsilə görkəmli sənətkarın publisistikası haqqında toplu halında tam təsəvvür əldə edə biləcəklər.
X cilddə görkəmli ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü, mərhum professor Yaşar Qarayevin “Nəfəsin, səsin istiqlal harayı və enerjisi...” adlı ön sözü də dərc olunmuşdur.
Əvvəlki cildlər (I cild istisna olmaqla) kimi, bu cildlərin də tərtibçisi və redaktoru ədəbiyyatşünas Azər Bağırovdur.