BEYLƏQAN RAYON TƏHSİL İŞÇİLƏRİNİN KONFRANSI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Beyləqan rayon təhsil işçilərinin konfransı keçirilmişdir.
Təhsil şöbəsinin müdiri Tofiq Sadıqov “2007-2008-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” barədə məruzə etmiş, ölkədə təhsil sahəsində aparılan islahatlar, rayonda tədrisin keyfiyyətinin yaxşılaşdırılması, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışmışdır. Bildirmişdir ki, hazırda rayonda 54 ümumtəhsil məktəbi fəaliyyət göstərir və bu məktəblərdə təhsil alan 15 min 634 şagirdin təlim-tərbiyəsi ilə 1975 müəllim məşğul olur. Rayonda 3 məktəbdənkənar və 30 məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət göstərir. Ötən tədris ilində orta ümumtəhsil məktəblərini 1007 məzun bitirmiş, onlardan 463 nəfəri ali məktəblərə qəbul olmaq üçün sənəd vermiş, 143 nəfər ali və orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışdır.
Yeni dərs ili ərəfəsində şəhər 1 nömrəli orta məktəb binasının əsaslı təmiri başa çatmış, 5 nömrəli orta məktəb üçün 220 yerlik yeni bina tikilmiş, 2, 3, və 4 nömrəli orta məktəblərin istilik sistemi yenidən qurulmuşdur. Qəhrəmanlı, Sarısu, Baza qəsəbə məktəblərində cari, İmamverdili, Kəbirli kənd 1 nömrəli orta məktəblərində əsaslı təmir işləri aparılmışdır.
Rayon məkəblərinə Heydər Əliyev Fondu və Təhsil Nazirliyi tərəfindən 140 adda əyani-tədris vəsaitlərinin verildiyi, birinci siniflərə gedəcək 1119 şagirdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 17 adda dərs ləvazimatının hədiyyə edildiyi xüsusi minnətdarlıqla vurğulanmışdır.
Təhsil Nazirliyinin nümayəndəsi Rafiq Qəndilov və rayon icra hakimiyyətinin başçısı İrşad Əliyev respublikada aparılan təhsil islahatlarından, sahənin inkişafından, bu işdə ölkə başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətlərindən danışmışlar.
Konfransda Azərbaycan müəllimlərinin qarşıdan gələn XIII qurultayına nümayəndələr seçilmişdir.