BEYLƏQAN RAYONUNA TƏBİİ QAZIN VERİLMƏSİ BƏRPA EDİLMİŞDİR
Uzun illər davam edən fasilədən sonra, aprelin 18-də Beyləqan rayonuna təbii qazın verilməsi bərpa olunmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlə keçirilən mərasimdə iştirak etmişdir.
“Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin sədri Əlixan Məlikov rayona təbii qazın verilməsi ilə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, rayonun qaz təchizatı 1990-cı ildən dayandırılmışdı. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində rayona 3,2 kilometr uzunluğunda qaz xətti çəkilmişdir. İlkin mərhələdə 500 ailə mavi yanacaqla təmin olunmuş, bütün mənzillərə sayğaclar qoyulmuşdur. Qarşıdakı illərdə rayonun “Şəfəq” və RTS qəsəbələrinə qaz veriləcəkdir.
Prezident İlham Əliyev rayona qazın verilməsini bildirən məşəli alovlandırdı, bu əlamətdar hadisə münasibətilə keçirilən mərasimdə nitq söylədi.
######
