Beyləqanda ədəbi-bədii gecə: Bir ovuc təbəssüm, bir dünya işıq
Beyləqan, 30 dekabr, AZƏRTAC
Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Mədəniyyət Mərkəzində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Bir ovuc təbəssüm, bir dünya işıq” adlı ədəbi-bədii gecə keçirilib. Heydər Əliyev Mərkəzinin və Niyazi adına Uşaq Musiqi Məktəbinin birgə təşkil etdiyi tədbirdə mədəniyyət müəssisələrinin əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, Uşaq Gənclər İnkişaf Mərkəzinin rəqs dərnəyinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər iştirakçıları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, Həmrəylik Gününün əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən bəhs ediblər.
Beyləqan rayon Niyazi adına Uşaq Musiqi Məktəbinin və Uşaq Gənclər İnkişaf Mərkəzinin hazırladığı rəngarəng musiqi və rəqs nömrələri təqdim olunub. Şaxta baba və Qar qızın gəlişi tədbirə əlavə rəng qatıb. Bayram tədbiri iştirakçılarda xoş ovqat yaradıb.