BEYNƏLXALQ AİLƏ GÜNÜNƏ HƏSR OLUNMUŞ TEMATİK GECƏ
Təxminən 100 ailə “Bahar” restoranında bayram süfrəsi başına yığışmışdır. Qonaqlar arasında şəhərin salnaməsinə şanlı səhifələr yazan tanınmış adamlar – məşhur şahmatçılar Məmmədyarovların, inşaatçılar sülaləsinin üzvləri Gülbahar və İmamverdi Vəliyevlərin, alim Mustafa Salahovun, həkimlərin, müəllimlərin, habelə Qarabağ müharibəsi şəhidlərinin ailələri vardı. Sumqayıtda ilk dəfə keçirilən bu bayramda çıxış edən icra hakimiyyətinin nümayəndələri, qonaqlar ailənin cəmiyyətdəki rolundan söhbət açmış, “ailə kiçik dövlətdir, onun rifahı isə dövlətin qarşısına qoyduğu məqsəddir” kimi mühüm müddəanı öz şəxsi nümunələri ilə təsdiq etmişlər.
Gecənin dolğun, maraqlı proqramı xoş ovqat və yaxşı əhval-ruhiyyə yaratmışdır.