İQTİSADİYYAT
BEYNƏLXALQ ANA DİLİ GÜNÜ
YUNESKO-nun təşəbbüsü ilə 2000-ci il fevralın 21-də BMT Beynəlxalq ana dili gününün qeyd olunması haqqında qərar qəbul etmişdir. Bu qeyri-maddi irsin qorunması Birləşmiş Millətlər Təşkilatının fəaliyyətinin öncül istiqamətlərindən biridir. Söhbət ənənəvi musiqinin və xalq musiqisinin, rəqslərin, adət-ənənələrin, folklorun və yerli əhalinin ana dillərinin forma zənginliyinin qorunub saxlanmasından gedir.
İTAR-TASS xəbər verir ki, bu il, Beynəlxalq ana dili günü YUNESKO və “BMT fəaliyyətdədir” Proqramı sənədləşdirmə sahəsində ən iri korporasiya - “Diskaveri komyunikeyşn inkorporeytid”lə birlikdə müxtəlif ölkələrdə 100 milyon nəfərdən artıq televiziya tamaşaçısının baxdığı xüsusi teleproqramın köməyi ilə dünya ictimaiyyətinin diqqətini ölməkdə olan dillərə cəlb etməyə çalışmışlar. Mədəni müxtəlifliyin qorunmasına yönəldilən bu təşəbbüs YUNESKO-nun məhv olmaq təhlükəsi qarşısında qalan mədəniyyətlərin və sivilizasiyaların mühafizəsi sahəsindəki fəaliyyətinə əsaslanır.
Beynəlxalq ana dili günü münasibətilə “Babilistanın arxivləri” proqramı da göstərilmişdir. Proqramda dünyadakı ilk dili tarixin müəyyən dövründə bütün insanların danışdığı şəkildə bərpa etməyə cəhd göstərilir.
Hazırda bəzi xalqlar öz nadir mədəni irsinin müəyyən hissəsini itirirlər. Əvvəllər, dil müxtəlifliyinin çiçəkləndiyi dövrlərdə dünyada 7-8 min dil vardı. Zəmanəmizdə bu zənginlik kəskin surətdə azalır, ona görə də dilçilər vaxtı itirməməyə və bu sərvətin qorunub saxlanmasına çalışırlar.
YUNESKO-nun baş direktoru Koitiro Matsuura demişdir: “Dil bəşəriyyətin qeyri-maddi irsinin ayrılmaz tərkib hissəsidir. Dillərin nəinki yarandığını və inkişaf etdiyini, həm də bəzən öldüyünü nəzərə alsaq, biz onları müdafiə etmək və bununla da dünya üçün mühüm olan mədəniyyətlərin rəngarəngliyini qoruyub saxlamaqdan ötrü bütün tədbirləri görməliyik. YUNESKO çoxdilliliyin qorunması üçün səylərini əsirgəmir və dövlətlərin ana dilini dəstəkləmək sahəsindəki siyasətinə hər vasitə ilə kömək edir”.