“Beynəlxalq Anadolu Günləri” festivalında milli atributlarımız və milli mətbəx nümunələrimiz yer alıb
Şirvan, 12 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Ankaranın Etimesqut Bələdiyyəsi tərəfindən türkdilli dövlətləri təmsil edən mədəniyyət nümayəndələrinin iştirakı ilə keçirilən “Beynəlxalq Anadolu Günləri 25” mədəniyyət və incəsənət festivalında respublikamızı Şirvan şəhərinin nümayəndə heyəti təmsil edib.
Şirvan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, festival Türk dünyasında qardaşlıq, birlik və mədəni əlaqələri inkişaf etdirmək, ortaq türk mədəniyyətini dünyaya tanıtmaq məqsədilə təşkil olunub.
Ankaranın Etimesqut Bələdiyyəsi ilə Azərbaycan Respublikasının Şirvan Bələdiyyəsi 2011-ci ilin iyul ayından etibarən qardaşlaşmış bələdiyyələr olaraq möhkəm əlaqələr qurulub. Bu qardaşlığın davamı olaraq hər il olduğu kimi bu il də festivalın sonuncu günündə keçirilən Azərbaycan gecəsində Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan Şəhər Bələdiyyəsi və mədəniyyət işçilərindən ibarət nümayəndə heyəti iştirak edib.
Respublikamızın Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova və şəhərimizin incəsənət nümayəndələri milli mədəniyyətimizi əks etdirən xalq rəqsləri və musiqili proqramla çıxış ediblər. Festivalda nümayəndə heyətimiz tərəfindən milli atributlarımızı özündə əks etdirən eksponatlar və milli mətbəx nümunələrimiz nümayiş olunub.
Etimesqut Bələdiyyəsinin sədri Ənvər Dəmirəl festivalın məqsədinin türk millətinin birliyini, həmrəyliyini və qardaşlığını möhkəmləndirmək olduğunu bildirib.
Festivalda Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov çıxış edərək, bu cür festivalların təşkilinin geniş bir coğrafiyada məskunlaşmış türkdilli xalqların bir-birinin zəngin mədəniyyətini daha yaxşı tanıması baxımından böyük əhəmiyyət kəsb etdiyini, Azərbaycanın belə tədbirlərə böyük önəm verərək, hər zaman fəal iştirak etdiyini diqqətə çatdırıblar.
Aynur Fərzəliyeva Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun və şirvanlıların salamlarını və xoş arzularını Etimesqut Bələdiyyəsinin rəhbərliyinə və festival iştirakçılarına çatdıraraq, göstərilən doğma münasibətə görə təşəkkürünü bildirib və 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin şərəfinə Şirvan şəhərində ucaldılmış “Zəfər abidəsi”nin maketini hədiyyə olaraq Ənvər Dəmirələ təqdim edib.
Sonda nümayəndə heyəti və Etimesqut Bələdiyyəsi tərəfindən qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.