Beynəlxalq Hüquq Yay Məktəbinin VIII buraxılışı keçirilib
Bakı, 23 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyinin tərəfdaşlığı və ELSA Azərbaycanın təşkilatçılığı ilə Bakı şəhərində “Biznes hüququ” mövzusunda SELS Yay Hüquq Məktəbi təşkil olunub.
Fonddan AZƏRTAC-a bildirilib ki, layihənin açılış mərasimində Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov açılış nitqi ilə çıxış edərək iştirakçıları salamlayıb və onlara uğurlar arzulayıb. O, həmçinin Gənclər Fondunun gənc hüquqşünasların inkişafına dəstək olmağa hər zaman hazır olduğunu vurğulayıb.

Daha sonra ELSA Azərbaycanın prezidenti Nərminə Hüseynzadə və SELS Yay hüquq məktəbinin təşkilat komitəsinin sədri Vəfa Mustafayeva çıxış edərək, layihənin əhəmiyyəti və məqsədləri barədə geniş məlumat veriblər.
Yay hüquq məktəbi Avropa və Asiyanın müxtəlif ölkələrindən olan hüquq tələbələri və gənc hüquqşünasların iştirakı ilə biznes hüququ mövzusunda nəzəri və praktiki təlimləri əhatə edən geniş akademik proqramdan ibarət olub. Layihə çərçivəsində iştirakçılar ölkəmizin hüquq sistemi ilə yaxından tanış olub, eləcə də Azərbaycan Respublikasının Ali Məhkəməsinə infotur təşkil edilib.
Tədbir, həmçinin Azərbaycanın zəngin mədəniyyəti və paytaxt Bakının tarixi və turistik məkanlarını əhatə edən maraqlı və rəngarəng sosial proqramı ilə də seçilib. Layihənin həyata keçirilməsində “Alliance Law Center”, “Turan Legal and Tax Services”, “EKVİTA”, “Legalize” və “Bravo” kimi şirkətlər partnyor-tərəfdaş qismində çıxış edərək akademik, maliyyə və təminat dəstəyi göstəriblər.