CƏMİYYƏT
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi insan alveri ilə bağlı sosial mediada kampaniya keçirir
Bakı, 14 iyul, AZƏRTAC
Hər il iyulun 30-u Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü kimi qeyd olunur. Bu il pandemiya ilə əlaqədar ictimai yerlərdə kütləvi tədbirlərin keçirilməsinin mümkünsüzlüyünü nəzərə alan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi ictimaiyyətin insan alveri ilə bağlı məlumatlılığını artırmaq üçün iyulda sosial mediada təbliğat kampaniyasına başlayıb.
Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, maarifləndirmə kampaniyası həm həssas qrupları, həm də Azərbaycanda geniş ictimaiyyəti əhatə etdiyindən profilaktik mesajlar yalnız birbaşa insan alveri təhlükəsi ilə üzləşənlər üçün deyil, həm də ümumi əhali üçün nəzərdə tutulub.
Kampaniya çərçivəsində BMqT-nin Azərbaycan nümayəndəliyinin sosial media səhifələrində yerləşdiriləcək Azərbaycan və ingilis dillərində hazırlanmış təbliğat materiallarının məqsədi insan alveri ilə bağlı məlumatlılığı artırmaq, həssas şəxslərin insan alverinin qurbanı olmasının qarşısını almaq və Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin yardım telefonunu təbliğ etməklə insanları bu hallarla üzləşdikdə xüsusi hüquq-mühafizə qurumuna dərhal müraciət etməyə təşviq etməkdir.
Həm cinsi, həm də əmək istismarını müasir dövr köləliyinin yayılmış bir formaları kimi əks etdirən kampaniya BMqT-nin Azərbaycanda insan alverinə qarşı mübarizədə hökumət qurumlarına, vətəndaş cəmiyyəti təşkilatlarına, beynəlxalq təşkilatlara və özəl sektora dəstək məqsədi daşıyan davamlı təşəbbüsün bir hissəsidir.
BMqT və Azərbaycan hökuməti insan alverinin qarşısını almaq, onunla məşğul olanları cəzalandırmaq, eləcə də insan alveri qurbanlarına və onların ailələrinə kömək etmək üçün birgə çalışırlar. USAİD-in maliyyə dəstəyi ilə BMqT Azərbaycanda məişət zorakılığı, istismarı və insan alveri qurbanlarına yardım edən üç sığınacağa yardım edir.
İnsan alveri ilə bağlı suallara aşağıdakı “Instagram səhifəsində cavab tapmaq mümkündür: