BEYNƏLXALQ TƏŞKİLATLAR AZƏRBAYCANDA PENİTENSİAR SAHƏDƏ APARILAN İSLAHATLARI DƏSTƏKLƏYİR
Fevralın 16-da Ədliyyə Nazirliyində keçirilən görüşdə nazir müavini Vilayət Zahirov son vaxtlar Azərbaycanda penitensiar sistemin fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi üzrə aparılan əsaslı islahatlar barədə ətraflı məlumat vermiş, bu sahədə beynəlxalq təşkilatlarla həyata keçirilən layihələrin əhəmiyyətini vurğulamışdır.
Nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Katibliyinin Cinayət Problemləri Departamentinin müdiri xanım Marqaret Killerbi Azərbaycanın penitensiar sistemində aparılan islahatları yüksək qiymətləndirərək, bu sahədə Avropa Şurası ilə səmərəli əməkdaşlıqdan məmnun qaldığını və qeyd olunan Proqramın uğurlu nəticələr verəcəyinə əmin olduğunu bildirmişdir.
Görüşdə Avropa Şurası ilə Avropa Komissiyasının birgə Proqamı üzrə fəaliyyət planının layihəsi müzakirə olunmuş, Proqram çərçivəsində penitensiar xidmət əməkdaşları üçün treninqlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədi ilə qabaqcıl Avropa ölkələrinə tədris səfərlərinin təşkili, penitensiar sistemdə həyata keçirilən islahatlara texniki yardım göstərilməsi və başqa istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılmışdır.
Görüşdə, həmçinin digər sahələrdə qarşılıqlı əməkdaşlıq məsələlərinə toxunulmuş, Avropa Şurası Katibliyinin Hüquqi sahədə proqramların əlaqələndiricisi Alessandro Mançini Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarının mütərəqqi əhəmiyyətini qeyd edərək, vakant hakim vəzifələrinə namizədlərlə test imtahanlarının və şifahi müsahibənin beynəlxalq standartlara uyğun, tam obyektiv və şəffaflıq şəraitində keçirilməsini xüsusi vurğulamış və namizədlərin seçiminin indiki mərhələsinin uğurla başa çatması münasibətilə Azərbaycan tərəfini təbrik etmişdir.