BEYNƏLXALQ VALYUTA FONDUNUN NÜMAYƏNDƏ HEYƏTİ DÖVLƏT GÖMRÜK KOMİTƏSİNDƏ OLMUŞDUR
Müzakirə olunan məsələlərlə bağlı qonaqları məlumatlandıran komitə sədri, gömrük orqanlarının büdcə gəlirlərinin formalaşmasında yaxından iştirakı ilə ölkənin müasir vergi siyasətinin yaradılmasına da şərait yaratdığını bildirmiş və demişdir ki, səmərəli vergi sisteminin formalaşması nəticəsində büdcə gəlirlərində gömrük vergi və rüsumlarının xüsusi çəkisi azalsa da, məbləği ildən-ilə çoxalır.
Statistik məlumatları diqqətə çatdıran K.Heydərov, 2005-ci ildə DGK üçün büdcə proqnozunun 1 trilyon 750 milyard manat müəyyən edildiyini bildirmişdir. Bu da ötən ilin büdcə proqnozundan 45,8 faiz çoxdur. İlin başa çatmasına xeyli qalsa da, DGK illik proqnoza 100,4 faiz əməl edərək, dövlət büdcəsinə 1 trilyon 757 milyard 680 milyon manat vəsait ödəmişdir.
Gömrüyün müasirləşdirilməsi layihəsi çərçivəsində görülən işlərə toxunan komitə sədri son illər bu istiqamətdə xeyli iş görüldüyünü diqqətə çatdırmış, həmin sahədə əsas prinsipin müxtəlif gömrük prosedurlarının elektron idarəetmə modellərini yaratmaqla işin keyfiyyətini yüksəltmək olduğunu vurğulamışdır.
Fondun 2004-2005-ci illərdə göstərdiyi texniki yardımları müsbət qiymətləndirən K.Heydərov demişdir ki, BVF-nin tövsiyəsi ilə 2002-ci ildən gömrük sistemində başlanan İslahat proqramı 4 mərhələdə icra olunmuşdur.
Görülən işləri yüksək qiymətləndirən nümayəndə heyətinin rəhbəri Vitali Kramarenko təmsil etdiyi qurum ilə DGK arasında əməkdaşlığın bundan sonra da davam edəcəyini diqqətə çarpdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunmuşdur.