Bidzina İvanişvili: Müharibəyə qoşulacağı təqdirdə Gürcüstan Ukraynadan da pis nəticələr əldə edəcək
Tbilisi, 17 iyul, AZƏRTAC
“Hamıya aydındır ki, müharibəyə qoşulacağı təqdirdə Gürcüstan Ukraynadan da pis nəticələr əldə edəcək. Bu nəticədən qaçmaq bizim ilkin vəzifəmizdir və nəhayət, oktyabrın 26-da “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının növbəti qələbəsi ilə həll olunacaq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının fəxri sədri Bidzina İvanişvili söyləyib.
Onun sözlərinə görə, “Qlobal Müharibə Partiyası” köhnə və yeni “Vahid Milli Hərəkat” partiyasını lobbiləşdirir, çünki onlar istənilən vəzifəni, o cümlədən ölkənin müharibəyə cəlb olunmasını yerinə yetirmək üçün imza atacaqlar.
B.İvanişvili deyib: “Qlobal Müharibə Partiyasının istəyi aydındır. Müharibəyə girməyəcəyimizə və Ukraynanın taleyini bölüşmək üçün Gürcüstanı qurban verməyəcəyimizi başa düşərək onlar agentliyi, vətəndaşlığı olmayan insanların birliyini, “Milli Hərəkat” kollektivini hakimiyyətə qaytarmaq üçün son cəhdlərini edirlər. Ona görə də köhnə və yeni “Milli Hərəkat”ı – (Saakaşvili, Qvaramiya, Zurabişvili, Xazaradze, Qaxariya, Bokeriya), tapşırığa imza atacaq digər vətəndaşlığı olmayan siyasətçiləri lobbiləşdirirlər. "Ya döyüşəcəksən, ya da gedəcəksən" - bu, tamamilə qəbuledilməz bir münasibətdir və Gürcüstan əhalisi buna oktyabrın 26-da müvafiq cavab verəcək”.
“Bizim maksimum bir il vaxtımız qalıb, bundan sonra qlobal və regional siyasi maraqlar, o cümlədən Gürcüstanla bağlı maraqlar əsaslı şəkildə dəyişəcək. Ukraynada davam edən müharibə ən geci bir ildən sonra bitəcək. ABŞ-da keçirilən prezident seçkilərində respublikaçılar qalib gəlsələr, müharibə hətta yanvarda da bitə bilər. Ona görə də ən başlıcası bu qısa zamanda qalib gəlməkdir və müharibə bitən kimi Amerika və Avropa ilə bütün anlaşılmazlıqlar dərhal keçmişə qovuşacaq və Gürcüstan qlobal siyasət oyunçuları üçün tamam başqa maraq obyektinə çevriləcək”, - deyə Bidzina İvanişvili vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi