Biləsuvarda atmosferi çirkəndirən avtonəqliyyat vasitələrinin sürücüləri cərimələniblər
Biləsuvar, 16 iyul, Bağır Əliyev, AZƏRTAC
Biləsuvar rayonunda avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısının alınması məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu məqsədlə Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən nəqliyyatın hərəkətinin sıx olduğu küçə və prospektlərdə reydlər təşkil olunub.
Reyd zamanı sürücülərlə bir daha izahat işləri aparılıb və onların diqqətinə çatdırılıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.
Standartlara cavab verməyən avtonəqliyyat vasitələrin sürücüləri barəsində inzibati qaydada tədbirlər görülüb.