Bilik Fondu Ulu Öndərin xatirəsini yad edib
Bakı, 10 dekabr, AZƏRTAC
Muğam Teatrında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Şuşa Dövlət Musiqili Dram Teatrının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
Bilik Fondundan AZƏRTAC-a verilən məlumata görə tədbiri Fondun aparat rəhbəri professor Rəfael Həsənov açaraq qonaqlara ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. Bildirib ki, nadir tarixi şəxsiyyətlərdən olan Ulu Öndərin parlaq zəkası Azərbaycanı çətin siyasi proseslərdən üzüağ çıxarıb, ölkəmizin bölgədə, ümumiyyətlə, dünyada layiqli yer tutmasına şərait yaradıb.
Şuşa Dövlət Musiqili Dram Teatrının direktor müavini Elnurə Abdullayeva ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən bəhs edib, onun Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafına verdiyi töhfədən danışıb.
Sonra Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında hazırlanan ədəbi-bədii kompozisiya təqdim olunub.
Tədbirdə Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsinin iştirakçısı olan Səbail rayonu 189-190 saylı məktəb kompleksinin, Nizami rayonu 145 saylı, Yasamal rayonu 158 və 53 saylı orta məktəblərin, BSU-nun Məktəb-lisey kompleksinin müəllim və şagirdləri iştirak ediblər.