Binə qəsəbəsində evlərdən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar VİDEO
Bakı, 19 fevral, AZƏRTAC
Xəzər rayonunun Binə qəsəbəsində fərdi yaşayış evlərindən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluqları edən Lənkəran şəhər sakinləri Vüsal Məmmədli və xalası oğlu Elxan Hüseynov Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində tutularaq istintaqa təqdim ediliblər. Araşdırma zamanı onların Binə qəsəbəsində 7 evdən pul, qızıl-zinət və məişət əşyaları, 2 “Play station” salonundan ümumilikdə 18 oyun aparatı və bir mağazadan ərzaq məhsulları oğurladıqları məlum olub.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində 3-cü polis bölməsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.