BİNƏQƏDİ RAYONUNDA ÖTƏN İLƏ YEKUN VURULMUŞDUR
Hesabat məruzəsində ötən il rayonda görülən işlər barədə məlumat verilmişdir. Ümummilli lider Heydər Əliyev tərəfndən müəyyənləşdirilən siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin sürətli inkişaf mərhələsinə çıxdığı vurğulanmış, hesabat ilində Binəqədi rayonunda da əsaslı quruculuq və abadlıq işləri görüldüyü, yeni istehsal müəssisələrinin və sosial obyektlərin istifadəyə verildiyi bildirilmişdir. Mövcud problemlərin də ciddi araşdırıldığı, dövlətimizin başçısının qarşıya qoyduğu tələblərə uyğun olaraq tədbirlər planı hazırlanmışdır.
Prezidentin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev yığıncaqda çıxış edərək demişdir ki, ötən il Azərbaycan üçün olduqca əlamətdar olmuşdur. Ümumi daxili məhsulun həcmi 26 faizdən çox, əhalinin pul gəlirləri 27 faiz artmış, dövlətimizin beynəlxalq aləmdəki mövqeləri daha da möhkəmlənmişdir. Ulu öndərimiz Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin bu il işə düşməsi ölkəmizin iqtisadi imkanlarını daha da genişləndirəcəkdir. Təsdiq olunmuş və nəzərdə tutulan sosial-iqtisadi proqram və layihələrin həyata keçirilməsi Azərbaycanın iqtisadi qüdrətini daha da artıracaq, əhalinin güzəranı ilbəil yaxşılaşacaqdır.
Yığıncaqda çıxış edənlər görülən işləri müsbət qiymətləndirməklə yanaşı, problemlərdən də danışmış, təkliflərini söyləmişlər.
Yığıncaqda rayon ictimaiyyəti adından Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.