Binəqədi rayonunda quldurluq hadisəsi törətməkdə şübhəli bilinən şəxslər tutulublar
Bakı, 22 sentyabr, AZƏRTAC
Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Ramazanov sentyabrın 20-də M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində iki nəfərin daşla onun baş nahiyəsinə vurub cibindən 75 manat məbləğində pulunu və mobil telefonunu götürdüklərini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ə.Heydərov və F.Heydərov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar.
Faktla əlaqədar araşdırmalar aparılır.