Bioloji müxtəlifliyin qorunması mövzusunda konfrans keçirilib
Bakı, 23 may, AZƏRTAC
Mayın 23-də Azərbaycan Milli Elmlər Akademiyasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Bioloji müxtəlifliyin qorunması mövzusunda konfrans keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilən konfransda “Qırmızı kitab”ın üçüncü nəşrinin təqdimatı da olub.
Konfrans Dövlət Himnimizin səsləndirilməsi və “Qırmızı kitab”a həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə respublikamızda 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyini xatırladan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli “Qırmızı kitab”ın üçüncü nəşrini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının “Heydər Əliyev İli”nə töhfəsi adlandırıb.
Qeyd olunub ki, çox zəngin təbiətə malik olan Azərbaycanda təbii sərvətlərin qorunması, təbiətin mühafizəsinin təşkili, ətraf mühitin qorunması istiqamətində aparılan işlər Ulu Öndərin siyasi hakimiyyətinin ilk illərindən sistemli şəkildə həyata keçirilməyə başlanılıb. Həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Azərbaycanda biomüxtəlifliyin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini yüksək qiymətləndirən İ.Həbibbəyli bu istiqamətdə Heydər Əliyev Fondunun və IDEA İctimai Birliyinin xidmətlərini də xüsusi qeyd edib.
Konfransda çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev dahi rəhbərin ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, eləcə də təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə xüsusi qayğı ilə yanaşdığını bildirib. Qeyd olunub ki, Ulu Öndər respublikamız üçün aktual olan ekoloji problemlərin həll edilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsinə rəhbərlik edib.
“Bəsitçay, Qarayazı, Ağgöl, Hirkan, Abşeron, İsmayıllı və Şirvan Dövlət Təbiət qoruqlarının yaradılması Ulu Öndərin ölkəyə başçılıq etdiyi dövrə təsadüf edir. Eləcə də Zuvand, Daşaltı, Ordubad, Qubadlı, İsmayıllı və Kiçik Qızılağac Dövlət Təbiət yasaqlıqları da həmin dövrdə məhz onun diqqət və qayğısı ilə yaradılıb.
Həyata keçirdiyi tədbirlər sırasında Ulu Öndərin Sərəncamı ilə 2001-ci ildə bir sıra sahələr üzrə fəaliyyət göstərən dövlət orqanlarının bazasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılmasını xüsusilə vurğulamaq istərdim. Məhz elə bu gün biz böyük fəxr hissi ilə nazirliyin yaradılmasının ildönümünü qeyd edirik”, - deyə M.Babayev qeyd edib.
Azərbaycanda ilk milli park statuslu qorunan ərazilərin yaradılması təşəbbüsünün məhz Ulu Öndərin adı ilə bağlı olduğunu bildirən nazir nitqinə belə davam edib: “Ölkəmizdə ekosistemlərin və təbii sərvətlərin qorunması istiqamətində həyata keçirilən, bünövrəsi Ulu Öndər tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən son 20 ildə uğurla davam etdirilən dövlət siyasəti öz məntiqi bəhrəsini verməkdədir. 2000-ci illərin əvvəllərindən başlayaraq Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 478 min hektardan 893 min hektara qədər artırılıb. 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığından ibarət olan xüsusi mühafizə olunan təbiət ərazilərimiz ekosistemlərin, nadir fauna və flora növlərinin mühafizəsində əhəmiyyətli rol oynayır. Hazırda Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında Zaqatala-Balakən Biosfer Rezervatının, həmçinin əhəmiyyətli və unikal təbii landşaft müxtəlifliyinə malik Qanıx (Alazan) çayı vadisini və Axar-baxar dağ silsiləsini əhatə edən ərazilərdə, həmçinin Qax Dövlət Təbiət Yasaqlığı və İlisu Dövlət Təbiət Qoruğunun bazasında yeni milli parkların yaradılması işlərinə başlanılıb”.
Bioloji müxtəlifliyin qorunub saxlanılması, həmçinin nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin mühafizəsi və gələcək nəsillərə çatdırılmasında “Qırmızı kitab”ın nəşrinin vacib rol oynadığını diqqətə çatdıran M.Babayev sonuncu nəşrdə digər iki nəşrdən fərqli olaraq növlərin beynəlxalq kateqoriyaya uyğun qiymətləndirilməsinin IUCN-in (Beynəlxalq Təbiəti Mühafizə İttifaqı 2001) yeni təlimatı əsasında aparıldığını, otuzillik uzunmüddətli fasilədən sonra işğaldan azad edilmiş ərazilərimizdə - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə nadir bitki və heyvan növlərinin tədqiq olunduğunu deyib.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, BMT-nin Azərbaycandakı ofisinin rəhbəri Kanako Mabuçi “Qırmızı kitab”ın yeni nəşrinin bioloji müxtəlifliyin mühafizəsində rol oynayacağına, nadir fauna və flora növlərinin qorunması istiqamətində faydalı olacağına inandıqlarını bildiriblər.
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə Hüseynova “Qırmızı kitab” yeni nəşrin təqdimatını edib.
Tədbir “Qırmızı kitab”ın rəyçilərinin, beynəlxalq təşkilatların rəhbərlərinin videomüraciətləri və təqdimatlarla davam edib.