Bioloji preparatların yerli şəraitdə istehsalı texnologiyası üzrə ölkəmizdəki qabaqcıl təcrübənin öyrənilməsi müzakirə edilib
Bakı, 23 iyul, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) pestisid və aqrokimyəvi maddələrin təhlükəsiz dövriyyəsinə nəzarət şöbəsinin müdiri İvan Potapov Serqeyeviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə AQTİ-nin İdarə Heyətinin sədr müavini Sahib Əliyev qonaqlara laboratoriyaların maddi-texniki bazası, kadr potensialı, beynəlxalq təşkilatlarla əməkdaşlığı haqqında geniş məlumat verib.
Bildirilib ki, AQTİ-nin Analitik Ekspertiza Mərkəzinin tabeliyində fəaliyyət göstərən laboratoriyalar müxtəlif beynəlxalq səriştəlilik sınaqlarında ciddi uğur və nailiyyətlər əldə edib. Vurğulanıb ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir.
Görüş çərçivəsində bioloji preparatların yerli şəraitdə istehsalı texnologiyası üzrə ölkəmizdəki qabaqcıl təcrübənin öyrənilməsi, o cümlədən bitki xəstəlik və zərərvericilərinə qarşı bioloji mübarizənin tətbiqi ilə bağlı məsələlər də müzakirə edilib.
Görüşdən sonra qonaq iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına baxış keçirib. Qonaqlar İnstitutun Mərkəzləşmiş nümunə qəbulu məntəqəsi, Kompleks Tədqiqatlar Laboratoriyası və Milli Referens Laboratoriyasındakı bölmələrə baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar.