Birinci Bakı beynəlxalq turizm filmləri festivalının qalibləri mükafatlandırılmışdır
Bakı, 23 noyabr (AZƏRTAC). Noyabrın 23-də Nizami Kino Mərkəzində Birinci Bakı beynəlxalq turizm filmləri festivalının qaliblərinin mükafatlandırılma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək dörd gün ərzində Azərbaycanda keçirilmiş bu möhtəşəm tədbirin əhəmiyyətindən söz açmışdır.
Bildirilmişdir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə paytaxtımızda keçirilmiş festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı ekran əsərlərini aşkara çıxarmaq və müəllifləri həvəsləndirməkdir. Festival, həmçinin diqqəti tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına cəlb etməyi qarşısına məqsəd qoymuşdur.
Birinci Bakı Beynəlxalq turizm filmləri festivalı çərçivəsində müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı, seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri arasında fikir mübadiləsi aparılmışdır.
Diqqətə çatdırılmışdır ki, yeddi nominasiyada 31 ölkədən 78 filmi əhatə edən festivalda münsiflər heyəti hər kateqoriyada 3 filmi mükafatlandırmışdır.
Müsabiqənin “Ölkə, region, şəhər” nominasiyasında makedoniyalı rejissor Darko Mitrevski “Skopye-Tarixlə gələcəyin qovuşduğu şəhər” filminə, “Mədəniyyət, ənənə” nominasiyasında xorvatiyalı rejissor Miro Brankoviç “Marko Polonun axtarışında” filminə, “Ekstremal turizm” nominasiyasında Filip Baribu ABŞ və Azərbaycanın birgə istehsalı olan “Odlar yurdu” filminə, “Ekoloji turizm” nominasiyasında portuqaliyalı rejissorlar Danilo Uarik və Qonçalo Payksao “Rota Visentina - Azərbaycana doğru iki addım” filminə, “Reklam filmləri” nominasiyasında yunanıstanlı rejissor Teo Papadoulakis “Çania - Ləzzət aləminə səyahət” filminə, “Televiziya məhsulları” nominasiyasında rumıniyalı rejissor Madalina Neaqoe “Zaqreb, şəhərdə tənəffüs” filminə, “Milli filmlər” nominasiyasında isə azərbaycanlı rejissor Vasif Məmmədzadə “Şəhər içində şəhər” filminə görə qalib gəlmişlər.
Birinci yerə layiq görülən filmlərə qızıl mükafat, ikinci yerə layiq görülən filmlərə gümüş, üçüncü yeri tutan filmlərə bürünc mükafat təqdim edilmişdir.
Birləşmiş Ərəb Əmirliklərini təmsil edən rejissor Babək Amini “Şübhəsiz, Dubay” filminə görə festivalın ən yüksək mükafatına “Qran-pri”yə layiq görülmüş və ona diplom, mükafat və 4000 avro təqdim edilmişdir.
Festivalın açılış mərasimində təqdim edilmiş Azərbaycan və Fransanın birgə istehsalı olan məşhur fransız aktyoru Jerar Depardyenin çəkildiyi “Qafqaza qayıdış” filmi festivalın xüsusi mükafatına layiq görülmüşdür.
Tədbirdə festival çərçivəsində keçirilmiş “Odlar yurdu” fotomüsabiqəsinin qalibləri də mükafatlandırılmışlar.
Rejissor Fuad Axundova “Fəxri turizm işçisi” döş nişanı təqdim edilmişdir.