Bişkek sammiti Azərbaycanın Avrasiyada geoiqtisadi rolunu gücləndirir – ŞƏRH
Bakı, 31 avqust, AZƏRTAC
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən sammiti Avrasiyanın dəyişən geoiqtisadi xəritəsi baxımından mühüm hadisədir. Təşkilatın 25 illik yubileyinə təsadüf edən Zirvə Görüşü yalnız təhlükəsizlik və siyasi məsələlərin müzakirəsi ilə məhdudlaşmır. ŞƏT məkanında iqtisadi əlaqələrin, nəqliyyat-logistika dəhlizlərinin, enerji və rəqəmsal bağlantıların inkişafı üçün yeni imkanların formalaşması Azərbaycan və bütövlükdə Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmaları Mərkəzinin (TDAM) rəhbəri İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, ŞƏT artıq yalnız təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq platforması kimi qiymətləndirilə bilməz.
TDAM rəhbəri bildirib ki, Azərbaycan üçün ŞƏT-in əhəmiyyəti ilk növbədə təşkilatın əhatə etdiyi geniş iqtisadi və coğrafi məkanla bağlıdır. ŞƏT-in 10 üzv ölkəsinin – Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Hindistan, Pakistan, İran və Belarusun – ümumi iqtisadi gücü 2025-ci ildə təxminən 30 trilyon dollar səviyyəsinə çatıb. Həmin göstərici ŞƏT-i yalnız təhlükəsizlik və siyasi dialoq platforması deyil, həm də böyük iqtisadi potensiala malik çoxtərəfli əməkdaşlıq məkanı kimi xarakterizə edir: “Azərbaycanın bu platformada dialoq tərəfdaşı kimi iştirakı ölkənin çoxşaxəli geoiqtisadi siyasətinin mühüm elementidir. Azərbaycanın 2015-ci ildə dialoq üzrə tərəfdaş statusu əldə etməsi, 2022-ci ildə Prezident İlham Əliyevin Səmərqənd sammitində iştirakı, 2024-cü ildə Astanada Azərbaycan–Çin strateji tərəfdaşlığının rəsmiləşdirilməsi və 2025-ci ildə dövlətimizin başçısının “ŞƏT Plyus” formatında çıxışı Bakı ilə bu platforma arasında əməkdaşlığın ardıcıl şəkildə genişləndiyini göstərir”.
İlyas Hüseynov hesab edir ki, Bişkek sammitində Azərbaycan üçün əsas məsələlərdən biri ŞƏT məkanında formalaşan yeni nəqliyyat və iqtisadi bağlantıların ölkəmizin inkişaf strategiyası ilə uzlaşdırılmasıdır. Azərbaycanın məqsədi yalnız tranzit ölkə olmaq deyil, Avrasiyanın mühüm logistika, ticarət, enerji və rəqəmsal bağlantı mərkəzlərindən birinə çevrilməkdir. ŞƏT-in genişlənən iqtisadi coğrafiyası bu strategiya üçün əlavə imkanlar yaradır.
“Xüsusilə Çin–Mərkəzi Asiya iqtisadi əlaqələrinin sürətli inkişafı Azərbaycanın maraqları baxımından diqqətəlayiqdir. 2025-ci ildə Çinlə Mərkəzi Asiyanın beş ölkəsi – Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan arasında mal ticarətinin həcmi 106,3 milyard dollara çatıb. Bu, əvvəlki illə müqayisədə 12 faiz artım deməkdir və Çin–Mərkəzi Asiya ticarətinin ilk dəfə 100 milyard dollar həddini keçdiyini göstərir. Həmin rəqəm yalnız ticarət göstəricisi deyil, eyni zamanda, regionda yeni nəqliyyat infrastrukturu və logistika xidmətlərinə artan tələbatın göstəricisidir.
Çinlə Mərkəzi Asiya arasında ticarət genişləndikcə həmin yüklərin müxtəlif istiqamətlər üzrə dünya bazarlarına çıxarılması məsələsi daha da aktuallaşır. Azərbaycanın üstünlüyü isə Xəzər dənizinin qərb sahilində yerləşməsi və Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən nəqliyyat sisteminin mühüm hissəsinə malik olmasıdır. Bu baxımdan Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır”, - deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, ŞƏT-in fəaliyyəti enerji əməkdaşlığı baxımından da Azərbaycan üçün əhəmiyyətlidir. Azərbaycanın enerji infrastrukturu və Xəzər regionundakı mövqeyi ölkəmizə Avrasiyanın enerji bağlantılarında mühüm rol oynamaq imkanı verir.
“Digər mühüm istiqamət rəqəmsal bağlantılardır. Gömrük prosedurlarının rəqəmsallaşdırılması, elektron sənədləşmə, yükün real vaxt rejimində izlənilməsi və sərhəd prosedurlarının sürətləndirilməsi də logistikanın səmərəliliyinə birbaşa təsir göstərir. Çin–Mərkəzi Asiya–Azərbaycan–Türkiyə marşrutunda rəqəmsal logistika mexanizmlərinin genişləndirilməsi gələcəkdə həm vaxt, həm də əməliyyat xərclərinin azalmasına səbəb ola bilər”, - deyə İlyas Hüseynov əlavə edib.