“Biz varıq və biz birlikdəyik” layihəsi müştərək yaradıcılıq işləri ilə davam etdirilir
Bakı, 2 iyun, AZƏRTAC
Bakı Xoreoqrafiya Akademiyası (BXA) professor-müəllim heyətinin elmi-yaradıcılıq fəaliyyətinin virtual nümayişini nəzərdə tutan “Biz varıq və biz birlikdəyik” devizi ilə həyata keçirilən layihə davam edir. Hər növbəti təqdimatı ilə daha geniş auditoriyanı əhatə edən layihədə yaradıcı gənclər və mütəxəssislər, elm və sənət adamları öz təcrübələri bölüşür, ifalarını təqdim edirlər.
BXA-dan AZƏRTAC-a bildirilib ki, 35 təqdimatdan sonra layihəyə respublikada fəaliyyət göstərən digər bədii ali təhsil müəssisələrindən müəllim və tələbələr qoşularaq, müştərək yaradıcılıq işlərinə start veriblər. Belə ki, ilk olaraq Bakı Xoreoqrafiya Akademiyası və Bakı Musiqi Akademiyası tələbələrinin, özündə müasir rəqsi, musiqi və vokal müşayiəti əks etdirən müştərək yaradıcılıq fəaliyyəti nəticəsində ərsəyə gəlmiş kompozisiya təqdim edilib.
Qeyd edək ki, təqdimatlar Bakı Xoreoqrafiya Akademiyasının rəsmi “Facebook” səhifəsinin “Biz varıq və biz birlikdəyik” bölməsində təqdim olunur və layihəyə möhtəşəm virtual fləşmobla yekun vurulacaq.