BMT-nin büdcəsi qəbul olunmasa, sülhməramlı əməliyyatlar dayandırılacaq
Bakı, 29 iyun, AZƏRTAC
BMT-yə üzv ölkələr iyulun 1-də yeni sülhməramlı büdcəni qəbul etməsə, dünya üzrə bütün sülhməramlı missiyaların resursları nəzərəçarpacaq dərəcədə məhdudlaşacaq.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, bunu BMT-nin İdarəetmə və Siyasət Departamentinin rəhbəri Ketrin Polard bildirib. Onun sözlərinə görə, dünyadakı 12 sülhməramlı missiyanın hamısına tövsiyə olunub ki, yeni büdcə vaxtında qəbul edilməyəcəyi halda yaranacaq fövqəladə vəziyyətə uyğun fəaliyyət göstərsinlər.
“Eyni zamanda, ümid edirik ki, üzv ölkələr danışıqları uğurla başa çatdıracaq”, - deyə Ketrin Polard bildirib.
Həmçinin qeyd olunur ki, iyulun 1-də büdcə təsdiqlənməsə, BMT-nin Baş katibi qurumun əmlakını və əməkdaşlarını qorumaq üçün təşkilatın vəsaitlərindən istifadə etməli olacaq. “Bəzi diplomatlar razılaşmanın gecikməsinin səbəbini Çin və Qərb ölkələrini qarşı-qarşıya qoyan maddi-texniki problemlərdə və gərgin danışıqlarda görür”, - deyə agentlik vurğulayır.
Qeyd edək ki, bu il BMT sülhməramlı əməliyyatlar üçün 6 milyard dollar istəyib. Ötən ilin nəticələrinə görə, sülhməramlı xərclərin 28 faizini öz üzərinə götürən ABŞ və 15,2 faizini qarşılayan Çin ən böyük donor ölkələr olub. Yaponiya sülhməramlı missiyalara verdiyi töhfəyə görə üçüncü yerdədir - 8,5 faiz.