BMT-NİN RUSİYALI SABİQ ƏMƏKDAŞINA ŞƏRTİ CƏZA KƏSİLƏ BİLƏR
Qəzetin məlumatlı mənbələrinin informasiyasına görə, vəkilin əminliyi ona əsaslanır ki, istintaqın gedişində Yakovlev BMT-nin bir neçə yüksək vəzifəli məmurunu, o cümlədən avqustun axırlarında Nyu-Yorkda həbsə alınan Vladimir Kuznetsovu ifşa etmişdir. Vəkilin fikrincə, onun müştərisinə ən pis halda 3-4 il müddətinə həbs cəzası təyin ediləcəkdir. O ki qaldı, Yakovlevin oğurladığı vəsaiti qaytarmasına və ya əvəzinin ödənməsinə, vəkil məhkəmənin belə tələblər irəli sürəcəyini ağlabatan hesab etmir.
Xatırladaq ki, BMT-nin Satınalmalar İdarəsinin sabiq əməkdaşı A.Yakovlev avqustda Nyu-Yorkda həbs olunmuşdur. O, elə həmin gün özünə qarşı irəli sürülən ittihamın üç bəndində - pulların elektron vasitəsilə köçrülməsi zamanı fırıldaqda, bu fırıldağın həyata keçirilməsi məqsədi ilə cinayətkar əlaqəyə girməkdə və “Ərzaq müqabilində neft” proqramının gerçəkləşdirilməsi çərçivəsində pulların qanuniləşdirilməsində təqsirini boynuna almışdır. O, istintaqla əməkdaşlığa dərhal razılıq vermiş və buna görə də 400 min dollar girov qoyduqdan sonra azadlığa buraxılmışdır.
Yakovlev barəsində hökm gələn ilin fevralında elan edilə bilər.