BMU komandasının hazırladığı PUA birinci olub
Xırdalan, 15 iyul, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrdən ibarət komandası “TEKNOFEST-2024” çərçivəsində keçirilən “Beynəlxalq pilotsuz uçuş aparatları” kateqoriyası üzrə müsabiqədə uğur qazanıb.
BMU-dan AZƏRTAC-a bildirilib ki, komandanın (mentor - Rüstəm Kələntərov, tələbələr - Nadir Daşdiyev, Nurtac Mirili, Rəşad Əliyev, Nihad Məhərrəmov, Məhəmməd Yusubov) hazırladığı PUA ilk mərhələdə 80.5 xal (100) toplayaraq Azərbaycan üzrə birinciliyi qazanıb.
Universitetin komandası hazırda müsabiqənin ikinci mərhələsində mübarizə aparır və nəticədən asılı olaraq Türkiyənin Adana şəhərində keçiriləcək “TEKNOFEST-2024” Aerokosmik və Texnologiya Festivalında iştirakı planlaşdırılır.
Layihə ilkin hazırlıq müddətində də müxtəlif müsabiqələrdə təqdim olunub, Azərbaycan - Türkiyə elm və innovasiya ekosisteminin ekspertləri tərəfindən müsbət rəy alıb.