BMU rektoru Koreyada yay məktəbində iştirak edəcək tələbələrlə görüşüb
Xırdalan, 24 iyul, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) INHA Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramı çərçivəsində təşkil olunan üçhəftəlik yay məktəbində iştirak üçün Koreya Respublikasına yola düşəcək 122 nəfərdən ibarət tələbə heyəti ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Görüşdə BMU rektoru Yaqub Piriyev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na əsasən dünyanın aparıcı universitetləri ilə birgə icra olunan beynəlxalq ikili diplom proqramlarının ölkəmizin kadr potensialının daha da gücləndirilməsi baxımından rolunu vurğulayıb. Eyni zamanda, bu proqramlar sırasında yer alan BMU-INHA ikili diplom proqramının tələbələrə qazandırdığı üstünlüklər barədə ətraflı danışıb.
Rektor çıxışında tələbələrin texniki sahədə bilik və bacarıqlar qazanmaları, yaxşı mütəxəssis kimi yetişmələri, həmçinin Koreya dilini daha yaxşı mənimsəmələri baxımından yay məktəbinin əhəmiyyətinə toxunub. Üçhəftəlik müddətin həm INHA Universitetinin tədris imkanları, həm də Koreyanın tarixi, mədəni dəyərləri ilə tanışlıq üçün yaxşı fürsət olduğunu fikirlərinə əlavə edib. Koreyaya tədris üçün getməyin habelə Azərbaycanı təmsilçilik mahiyyəti daşıdığını vurğulayan ali təhsil müəssisəsinin rəhbəri tələbələrə öz nümunəvi davranışları, tədrisə intizamlı yanaşmaları ilə ölkəmizin adını uca tutmağı, onu layiqincə tanıtmağı tövsiyə edib.
Yaqub Piriyev ikili diplom proqramı üzrə təhsil alan tələbələrin əldə etdikləri savad və təcrübə ilə gələcəkdə Azərbaycan iqtisadiyyatına mühüm töhfələr verəcəklərinə inandığını söyləyib və onlara uğurlar arzulayıb.
BMU-INHA ikili diplom proqramının direktoru Humay Cəfərli Koreyaya yollanan tələbələrə gərəkli olan bütün məlumatları çatdırıb, onları maraqlandıran məsələlərə aydınlıq gətirib.
İkili diplom proqramının idarə edilməsi üzrə bölmə rəhbəri Hyunjin Yang isə INHA Universiteti və digər məsələlər haqqında tələbələrə məlumat verib.
Çıxışlar zamanı qeyd edilib ki, iyulun 29-dan avqustun 16-dək davam edəcək yay məktəbinin təşkili BMU ilə INHA arasında icra olunan beynəlxalq ikili diplom proqramının əsas istiqamətlərindən biridir və tələbələrin yay məktəbində iştirak xərcləri Dövlət Proqramı tərəfindən qarşılanır.
Görüş yay məktəbində tələbələrə rəhbərlik edəcək müəllimlərin təlimatlandırma xarakterli çıxışları ilə başa çatıb.