Boccia idman növü üzrə Azərbaycan çempionatının final mərhələsi keçirilib
Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 15-də ABU ARENA idman zalında Boccia idman növü üzrə 2023 SENİ CUP Azərbaycan çempionatının final mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev, Azərbaycan Boccia Federasiyasının prezidenti Vüqar Behbudov, vitse-prezident və baş məşqçi İlham Məhərrəmov giriş sözləri ilə tədbiri açıq elan ediblər.
Azərbaycan Himninin sədaları altında start götürən final mərhələsi BC1, BC2, BC3, BC4, BC5 və uşaq kateqoriyası da daxil olmaqla 80 nəfər əlilliyi olan şəxs arasından finala çıxan paralimpiyaçılar arasında başlayıb. Musiqili qonağın ifasından sonra qaliblərin adları açıqlanıb.
Qeyd edək ki, çempionat beynəlxalq boccia təşkilatı BISFED qaydalarına əsasən təşkil edilib.