REGİONLAR
Bölgələrdə nar bağlarının sığortası ilə bağlı fermerlərlə görüşlər keçirilir
![](/files/galleryphoto/2024/1/1200x630/17055861883743325384_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17055861884639542395_1200x630.jpeg)
Bakı, 18 yanvar, AZƏRTAC
Aqrar Sığorta Fondunun nümayəndələri Sabirabad və Kürdəmir rayonlarının nar bağları üzrə ixtisaslaşan kəndlərində görüşlər keçiriblər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, ölkəmizdə sürətlə artan nar bağları kənd təsərrüfatı ilə yanaşı, ölkədən ixrac prosesində də mühüm məhsula çevrilməkdədir. Rəsmi məlumatlara əsasən, 2021-ci ildə Azərbaycandan xarici ölkələrə 29,2 milyon dollarlıq, 2022-ci ildə 31,6 milyon dollarlıq nar məhsulu ixrac edilib. 2023-cü ilin ilk 11 ayında isə Azərbaycandan ümumi dəyəri 27,4 milyon dollar olan 25 260 ton nar məhsulu ixrac edilib. Yeni nar bağlarının salındığını və onların yaxın gələcəkdə məhsul verəcəyini nəzərə alanda nar məhsulunun ixracda payının daha da artacağı gözlənilir.
Sabirabad rayonunun Qasımbəyli, Kürdəmir rayonunun Ərəbqubalı kəndləri nar bağları üzrə ixtisaslaşıb. Qasımbəyli kəndində hər il bir neçə min ton, Ərəbqubalı kəndində isə 10 min tondan artıq nar tədarük edilir. Ötən il baş verən müxtəlif hadisələr nəticəsində bu kəndlərdəki nar bağlarına zərər dəyib, amma bağların sığortası olmadığına görə bu zərərlər qarşılanmayıb.
Görüşlərdə fermerlərə aqrar sığorta, onun üstünlükləri, nar bağlarının sığortalanması üsulları və sığorta tarifləri barədə məlumat verilib.
Fermerlər bir sıra təkliflər səsləndiriblər. Müzakirə zamanı bu təkliflərin araşdırılacağı və kəndlərdə görüşlərin davam etdiriləcəyi bildirilib.