MƏDƏNİYYƏT
Bolqarıstanın ölkəmizdəki səfirliyi yerli turizm şirkətlərini akkreditasiya edəcək
Bakı, 1 dekabr, AZƏRTAC
Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırovla Bolqarıstanın Azərbaycandakı səfirinin birinci müavini Yanko Yanakiyev və konsul Kirill Apostolov arasında görüşdə ölkələr arasında viza qaydalarının sadələşdirilməsinin aktuallığı məsələsi müzakirə olunub.
AZTA-dan AZƏRTAC-a bildirilib ki, gələn il yanvarın 16-dan Bakı-Sofiya arasında birbaşa aviareyslər təşkil olunacaq.
Nahid Bağırov səfirlik tərəfindən bir neçə yerli turizm şirkətinin akkreditasiya edilməsini təklif edib, bu, prosedurların sadələşməsinə, eləcə də
turist axınının artımına səbəb ola bilər.
Səfirin birinci müavini Yanko Yanakiyev qeyd edib ki, Bolqarıstanda turizmin təbliğatı hökumət səviyyəsində aparılmır, buna görə də bu işlərin Azərbaycan Turizm Assosiasiyası tərəfindən aparılması qarşılıqlı turist axınına əlavə dəstək ola bilər. Birinci müavin, həmçinin iki ölkənin qış kurortları arasında əməkdaşlıq, bu şəhərlərin qardaşlaşmış-şəhərlər olması, eləcə də yay aylarında çarter aviareyslərinin təşkili imkanlarından danışıb.
Konsul Kirill Apostolov bildirib ki, səfirliyin təqdim etdiyi vizalar, həmçinin Rumıniya, Xorvatiya üçün də keçərlidir. Bu da Bolqarıstanı azərbaycanlı turistlər üçün daha da cəlbedici istiqamət edir. İndiyə kimi səfirlik 20 nəfərə viza təqdim etməkdən imtina edib və bunların hamısı xarici vətəndaşlar olub. Azərbaycan vətəndaşları üçün vizaların təqdim edilməsində problemlər müşahidə olunmur.
Görüşdə dekabrın 15-də səfirlikdə Bolqarıstanın turizm potensialı və viza prosedurları barədə təqdimatın keçirilməsi qərara alınıb.
Diplomatlar qeyd ediblər ki, Azərbaycan Turizm Assosiasiyası ilə əməkdaşlığın hökumət səviyyəsində təşkil olunması üçün xüsusi təkliflər hazırlanacaq və Bolqarıstanın Xarici İşlər Nazirliyinə təqdim olunacaq.