İQTİSADİYYAT
Borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı dayandırılacaqdır
Bakı, 6 noyabr (AZƏRTAC). “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı noyabrın 8-də saat 15:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaqdır.
“Bakıelektrikşəbəkə”nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qeyd olunan müddətdə borcunu ödəməyən abonentlərə heç bir güzəşt olunmayacaqdır. Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisindən qanunsuz istifadə sayılır. Belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunmaları üçün ciddi tədbirlər görüləcəkdir. Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.
Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, ASC-nin ödəmə məntəqələrində, həmçinin internet sayt (www.bes.az) vasitəsilə “onlayn” olaraq həyata keçirilə bilər.