BÖYÜK BRİTANİYA HÖKUMƏTİ AZƏRBAYCANIN NEFT GƏLİRLƏRİNİN ŞƏFFAFLIĞI SAHƏSİNDƏ NAİLİYYƏTLƏRİNİ YÜKSƏK QİYMƏTLƏNDİRİR
Görüş zamanı Samir Şərifov 2003-cü il iyunun 17-də Londonda keçirilmiş “Təbii ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflıq təşəbbüsü” konfransında Prezident İlham Əliyevin başçılığı ilə nümayəndə heyətinin həmin təşəbbüsə qoşulduğunu bəyan etməsi və ötən ilin noyabr ayında Azərbaycan Prezidentinin tapşırığı ilə Nazirlər Kabineti tərəfindən verilmiş sərəncam əsasında təşəbbüsün həyata keçirilməsi üçün nazirliklərin nümayəndələrinin təmsil olunduğu milli komissiyanın yaradılması və indiyədək gördüyü işlər barədə Britaniya rəsmisinə məlumat vermişdir.
Dövlət naziri Uilyam Ramel Azərbaycan Hökumətinin neft gəlirlərinin şəffaflığı sahəsində əldə etdiyi nailiyyətlərin Böyük Britaniya Hökuməti tərəfindən yüksək qiymətləndirildiyini bildirmişdir. O demişdir ki, 2004-cü il aprelin 22-də Londonda Britaniya və Norveç hökumətlərinin, neft şirkətlərinin, beynəlxalq maliyyə institutlarının və qeyri–hökumət təşkilatlarının nümayəndələri üçün Azərbaycan Hökumətinin təşkil etdiyi brifinq barədə xəbəri vardır və belə təşəbbüsləri təqdir edir.
Təbii ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflıq təşəbbüsü üzrə komissiyanın sədri S.Şərifov Azərbaycanın şəffaflıq təşəbbüsü sahəsində kifayət qədər təcrübə topladığını vurğulamış və bunun bütün iştirakçılar üçün faydalı olacağını bildirmişdir.
Görüş zamanı Azərbaycanın şəffaflıq təşəbbüsü sahəsində pilot ölkə olduğunu nəzərə alaraq, digər ölkələrin və şirkətlərin də təşəbbüsə qoşulmasının yolları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.