İDMAN
Böyüklər arasında karate üzrə Azərbaycan çempionatı başlayıb
Bakı, 27 noyabr, Elşad Qəzvini, AZƏRTAC
“Sərhədçi” İdman Olimpiya Mərkəzində böyüklər arasında karate üzrə 24-cü respublika çempionatı start götürüb.
AZƏRTAC xəbər verir ki, noyabrın 27-də Gənclər və İdman Nazirliyi, Karate-do Federasiyası Assosiasiyası (AKFA) və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılığı ilə keçirilən yarışın təntənəli açılış mərasimi keçirilib. Federasiyanın prezidenti Yaşar Bəşirov mərasimdə çıxış edərək Azərbaycanın idman sahəsində son dövrlərdə qazandığı əhəmiyyətli uğurlardan söz açıb, idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğını qeyd edib. Y.Bəşirov vurğulayıb ki, Azərbaycan istər yerli, istərsə də beynəlxalq miqyaslı bir çox idman yarışlarına ev sahibliyi edir, idmançılarımız beynəlxalq turnirlərində mühüm qələbələr qazanırlar. O diqqətə çatdırıb ki, hazırkı respublika birinciliyində nəticə qazanmış 12 karateçi gələn il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında təmsil olunacaq. Y.Bəşirov “Tokio-2020” Olimpiya Oyunlarında karateçilərimizə böyük ümidlər bəslənildiyini də deyib.
AMKF-nin birinci vitse-prezidenti Rəhman Hətəmov isə bildirib ki, regionlardan olan gənc karateçilərimizin potensialı millimizin “Tokio-2020” Olimpiya Oyunlarında böyük nailiyyətlər qazanacağından xəbər verir.
Tədbirdə son dünya çempionatında uğurlu nəticə qazanmış beşqat dünya çempionu Rafael Ağayev, gümüş mükafatçı Ayxan Mamayev və bürünc medal sahibi Firdovsi Fərzıliyevə xüsusi mükafatlar təqdim edilib.
Mərasimə bədii hissə və nümunəvi çıxışlarla yekun vurulduqdan sonra yarışlar davam etdirilib.
Böyüklər arasında respublika çempionatında mübarizə aparan karateçilər (oğlan və qız) müxtəlif yaş kateqoriyalarında fərdi kata, eyni zamanda, fərdi kumite yarışının final görüşlərində birincilik uğrunda çıxış ediblər. Çempionatda milli komandamızın əksər üzvləri də qüvvələrini sınayıblar.
Qalib və mükafatçılar AKFA və AMKF-nin təsis etdiyi kubok, medal və diplomlarla təltif olunublar.