Brayan Aqerbak: Gələcəkdə Bakıda badminton üzrə Avropa və dünya çempionatı keçirilə bilər
Bakı, 28 sentyabr, AZƏRTAC
Növbəti il Bakıda keçiriləcək “Azerbaijan International-2019” turnirindən gözləntilərimiz böyükdür. Mən ilk Avropa Oyunları zamanı Bakıda oldum. Azərbaycanın böyük və nüfuzlu idman tədbirlərini necə yüksək səviyyədə təşkil etdiyinin əyani şahidiyəm. Bu mənada böyük təcrübə və hazır idman infrastrukturu var. Avropa Oyunlarından da miras qalıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Badminton Konfederasiyasının baş katibi Brayan Aqerbak Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətinə müsahibəsində deyib.
B.Aqerbak bildirib ki, Azərbaycan Badminton Federasiyası inkişaf edir və bu cür böyük idman yarışlarını təşkil etməyə hazırdır. Avropa Oyunlarında qazanılan böyük təcrübə bu kimi idman tədbirlərinin təşkilində mühüm rol oynayır. Düşünürəm ki, badminton üzrə beynəlxalq turnir də ən yüksək səviyyədə təşkil olunacaq. İnfrastruktur və böyük beynəlxalq təcrübəyə əsaslanaraq deyə bilərəm ki, gələcəkdə Bakıda badminton üzrə Avropa və dünya çempionatı keçirilə bilər. Xüsusilə qeyd etməliyəm ki, Azərbaycanda idmana böyük diqqət ayrılır. İlk Avropa Oyunlarından sonra azərbaycanlı badmintonçular beynəlxalq turnirlərdə yaxşı mübarizə aparırlar. Azərbaycan Badminton Federasiyası Avropa Badminton Konfederasiyasının ümumi fəaliyyətində, illik tədbirlərimizdə fəal iştirak edir. Ümumi əməkdaşlığa dostcasına töhfə verir. Azərbaycan Badminton Federasiyası Avropa badminton ailəsinin çox əhəmiyyətli tərəfdaşıdır və bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə inanıram.
Qeyd edək ki, “Azerbaijan International-2019” beynəlxalq badminton turniri gələn il iyunun 6-9-da Bakı İdman Sarayında keçiriləcək. Beş kateqoriya üzrə qalib və mükafatçıların müəyyənləşəcəyi yarışın ümumi mükafat fondu 25 min ABŞ dollarıdır.