COP29
Braziliyalı nümayəndə: Bakıda keçirilən COP29-da iştirak ölkəmiz üçün böyük təcrübədir
Bakı, 12 noyabr, AZƏRTAC
Mən ilk dəfədir ki Azərbaycanda və COP-da iştirak edirəm. Bakıda keçirilən COP29-da iştirak etmək təkcə mənim üçün deyil, ölkəm üçün də böyük təcrübədir. Çünki gələn il Braziliya COP30-u keçirəcək. Buna görə də, bizim üçün burada olmaq çox vacibdir.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı COP29-un Yaşıl Zonada keçirilən sərgidə Braziliya Turizm Nazirliyinin ikitərəfli əlaqələr üzrə koordinatoru Bruno Qambini deyib.
“Daha yaxşı bir dünyaya sahib olmaq üçün edə biləcəyimiz davamlı fəaliyyətlər haqqında məlumat almaq vacibdir. Eyni zamanda, biz çalışacağıq ki, burada əldə etdiyimiz təcrübəni gələn il Braziliyada tətbiq edək. Şəhərdəki atmosferdən çox zövq alıram. Özümü çox təhlükəsiz hiss edirəm. Hər yerdə kömək edən çoxlu könüllülər var. Həm Yaşıl Zonada, həm də Mavi Zonada sərgi iştirakçıları çoxdur. Müzakirələr, bütün ölkələrin toplanması və ətraf mühitlə bağlı müzakirələr aparması çox gözəldir. Ümid edirəm ki, edilən müzakirələr iqlim dəyişikliyi ilə mübarizədə tətbiq olunacaq”, - deyə braziliyalı nümayəndə bildirib.