BRİTANİYA MƏHKƏMƏLƏRİNƏ İŞGƏNCƏ İLƏ ALINMIŞ İFADƏLƏRDƏN İSTİFADƏ ETMƏK QADAĞAN OLUNMUŞDUR
İndi Britaniyanın daxili işlər naziri digər ölkələrin təqdim etdiyi və işgəncə yolu ilə alındığı güman edilən şahid ifadələri olan terrorizmlə bağlı bütün cinayət işlərinə yenidən baxacaqdır. Bir qədər əvvəl Britaniyanın Apellyasiya məhkəməsi belə bir qərar qəbul etmişdi ki, nə yolla əldə edilməsinin fərqinə varmadan, alınmasına ölkənin rəsmi şəxslərinin aidiyyəti olmayan ifadələrdən və dəlillərdən, istifadə oluna bilər.
Britaniyada terrorizmdə əli olmaqda şübhəli bilinən 10 əcnəbinin vəkilləri bu qərara etirazlarını bildirmişlər. Onlar demişlər ki, müdafiə etdikləri şəxslərə qarşı ABŞ düşərgələrində alınmış ifadələrdən istifadə oluna bilməz. Məhkəmə lordları onların fikrini dəstəkləmişlər.
İndi Lordların qərarı ilə belə ifadələrin qəbul olunub-olunmamasını ölkənin xüsusi immiqrasiya apellyasiya məhkəməsi həll edəcəkdir.
“Liberti” vətəndaş azadlıqları qrupunun başçısı Şami Çakraborti demişdir: “Məhkəmə lordları bütün demokratik aləmə bəyan etmişlər ki, işgəncə ilə bağlı heç bir güzəşt ola bilməz. Bu həm də bizim diktatorlardan və terrorçulardan fərqləndiyimizi göstərir. Biz ədalət məhkəməsi sistemimizdə işgəncə yolu ilə alınmış şahid ifadələrindən istifadə olunmasına yol verə bilmərik”.