Britaniya Parlamentinin Azərbaycan Qrupunun ümumi illik iclası keçirilib
London, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun illik ümumi iclası keçirilib. İclasda qrupun sədri, Mühafizəkarlar partiyasının üzvü Bob Bləkmən, qrupun Lordlar və Nümayəndələr Palatasından olan üzvləri, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Tahir Tağızadə və Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdir müavini Babək Ağayev iştirak ediblər.
Tədbirdə Bob Bləkmən Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri vəzifəsinə yenidən təsdiqlənib və qrupun rəhbər heyətinin tərkibi razılaşdırılıb.
Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində keçirilən iclasda sədr Bob Bləkmən Azərbaycan xalqına və faciə qurbanlarının yaxınlarına başsağlığı verib. O, bununla bağlı Nümayəndələr Palatasında irəli sürdüyü ilkin qanunvericilik təşəbbüsündən danışaraq, belə faciələrin baş verməməsi üçün bundan sonra da anım tədbirlərinin keçirilməsinin əhəmiyyətini qeyd edib.
Qrupun sədri və üzvləri çıxışlarında Azərbaycanın əzəli torpaqlarını işğaldan azad etməsini məmnunluqla vurğulayıblar. Onlar işğaldan azad olunan ərazilərə səfər etmək niyyətlərini bildiriblər.
Səfir Tahir Tağızadə çıxışında regiondakı hazırkı vəziyyət haqqında məlumat verərək, Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonun fevralın 8-10-da ölkəmizə səfərinin nəticələrinə toxunub. Səfərin çox uğurlu keçdiyini qeyd edən diplomat ölkələrimiz arasında işğaldan azad edilən ərazilərin bərpası da daxil olmaqla genişmiqyaslı əməkdaşlıq üçün yeni imkanların mövcudluğunu vurğulayıb.
Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev işçi qrupunun üzvlərini ölkəmizə səfərə dəvət edib. O, səfər zamanı qrupun üzvlərinin azad edilmiş ərazilərdə vəziyyətlə tanışlıq imkanı qazanacaqlarını vurğulayıb.
Milli Məclis Aparatının beynəlxalq münasibətlər şöbəsinin müdir müavini Babək Ağayev bu müzakirələrin davamı olaraq, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud vəziyyətlə bağlı beynəlxalq parlamentarilərin və jurnalistlərin məlumatlandırılması istiqamətində görülən işlər haqqında məlumat verib.
Tədbirdə Britaniya parlamentinin nümayəndə heyətinin ölkəmizə səfərinin növbəti aylarda həyata keçirilməsi barədə razılıq əldə olunub.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London