DÜNYA
Britaniya və Səudiyyə Ərəbistanı birgə super material istehsal edəcək
London, 9 dekabr, AZƏRTAC
Böyük Britaniya və Səudiyyə Ərəbistanı super-yüngül və super-möhkəm yeni materialın istehsalı üçün əməkdaşlıq edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerin Səudiyyəyə ilk səfəri ərəfəsində elan edilib.
Bu gün Kir Starmer Səudiyyə Ərəbistanına səfər edərək ölkənin baş naziri və vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə ilk görüşünü keçirəcək. O, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə də görüşərək Böyük Britaniyaya sərmayə cəlb etmək üçün danışıqlar aparacaq. Bəhs olunan material ekoloji baxımdan dayanıqlı hesab olunur, avtomobillər, təyyarələr və qatarlar kimi nəqliyyat vasitələrinin çəkisini yüngülləşdirərək daha enerji səmərəli olmasını təmin edəcək. Kir Starmer, həmçinin Səudiyyə Ərəbistanı ilə İngiltərənin Nyukasl şəhəri arasındakı sıx əlaqələri gücləndirmək niyyətindədir.
Xatırladaq ki, Nyukasl şəhərinin futbol klubu Səudiyyə Ərəbistanına məxsusdur. Bundan əlavə, Böyük Britaniya və Səudiyyə Ərəbistanı Nyukasl Universiteti daxil olmaqla bir neçə universitetin dəstək verəcəyi beynəlxalq təmiz hidrogen institutu yaratmaq üçün birgə işləyəcəklər.
London