Britaniyada Azərbaycan məktəbində Həmrəylik Günü qeyd olunub
London, 15 dekabr, AZƏRTAC
Böyük Britaniyada fəaliyyət göstərən “British European Azerbaijan School” məktəbində açılışının birinci ildönümü və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, 50-dən çox uşağın təhsil aldığı məktəbdə şagirdlər tərəfindən Azərbaycan milli mahnıları ifa edilib, rəqs nümayiş olunub. Məktəbdə təhsil alan Riçard Xəlilov pianoda Azərbaycan Himni ifa edib. Daha sonra şagirdlər Azərbaycana aid şeirlər səsləndirərək müxtəlif oyunlar nümayiş etdiriblər.
Londonda fəaliyyət göstərən Azərbaycan məktəbi 2021-ci ildə təsis olunub. Məktəbdə Azərbaycan dili və şahmatla yanaşı, mədəniyyət, tarix və musiqi dərsi keçirilir.
Məktəbə diaspora fəallarından Səbinə Rakçeyeva, Səbinə Quliyeva və Murad Nağıyevdən ibarət inzibati komitə rəhbərlik edir. Məktəb Böyük Britaniyada filiallar açmağı planlaşdırır. Hazırda azərbaycanlı ailələrin toplanması nəzərə alınaraq 2023-cü ilin sonuna qədər Aberdin şəhərində məktəbin üçüncü filialının açılması ilə bağlı danışıqlar aparılır.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London