Britaniyalı deputat Qarabağ atlarının məharətli çıxışına valeh olub
Bakı, 27 may, AZƏRTAC
Böyük Britaniyanın “The House” jurnalında parlamentin İcmalar Palatasının gündəliyi bölməsində deputat Bob Bləkmənin məqaləsi dərc edilib. “Bob Bləkmən öz qlobal oyun planı ilə özünü fəda edir” adlı hesabat məqaləsində bu il Kraliça II Elizabetin 90 illik yubileyinin qeyd olunmasına həsr edilmiş bir çox əhəmiyyətli tədbirlər arasında Kral Vindzor at şousunun xüsusən seçildiyi və Bləkmənin bu şouya qatılmaqdan çox məmnun qaldığı vurğulanır: “Kraliçanın atlara olan rəğbəti hamıya yaxşı məlumdur və Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri kimi mən xüsusilə Azərbaycanın milli at cinsi olan Qarabağ atlarını seyr etməkdən zövq aldım. Onlardan biri ilk dəfə Kraliçaya 60 il bundan əvvəl hədiyyə olunub. Bu nadir cinsin vətəni Azərbaycanın Dağlıq Qarabağ regionudur. Bu region Ermənistan tərəfindən işğal edilib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, hazırda 25 ildir münaqişə ocağı kimi qalmaqda davam edir”.
Xatırladaq ki, bu il mayın 11-15-də London yaxınlığındakı Vindzor qəsrinin ərazisində Kraliça II Elizabetin 90 illik yubileyinə həsr olunmuş Kral Vindzor at şousunda Azərbaycanı “Qarabağ” cinsindən olan 15 atdan ibarət süvarilər komandası və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının kollektivi təmsil edib. Tədbir günlərində Azərbaycanın mədəniyyət pavilyonu da fəaliyyət göstərib. Ölkəmizin Kral Vindzor at şousunda uğurla təmsil olunması Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) birgə təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi nəticəsində həyata keçirilib.
Məlumat üçün bildirək ki, “The House” Böyük Britaniya parlamentinin İcmalar Palatasının həftəlik siyasi jurnalıdır. Jurnal “Dobs” nəşriyyatı tərəfindən nəşr edilir. “The House” jurnalını müxtəlif partiyaları təmsil edən deputatlardan ibarət redaksiya heyəti idarə edir və parlament komissiyaları tərəfindən nəzarət funksiyası həyata keçirilir.