Britaniyalılar üçün tarixi hadisə
London, 4 may, AZƏRTAC
İyun ayının 23-də Britaniyanın Avropa İttifaqında (Aİ) qalıb-qalmaması ilə bağlı referendum keçiriləcək. Referendumda səsvermə yaşına çatmış demək olar ki, bütün britaniyalılar iştirak edəcəklər və çox sadə suala “Yes” (Hə) və ya “No” (Yox) cavabı verəcəklər.
Referenduma nəyə görə ehtiyac duyulur? Britaniyanın Baş naziri Devid Kemeron özünün rəhbərlik etdiyi mühafizəkarlar partiyası və İstiqlal Partiyasından (UKİP) gələn çağırışlara cavab olaraq 2015-ci ildə seçkiləri qazandığı təqdirdə Britaniyanın Aİ-də qalıb-qalmaması ilə bağlı referendum keçirməyə söz vermişdi. Müzakirələrdə britaniyalıların 1975-ci ildən bəri Aİ ilə bağlı öz sözlərini demədiyi bildirilirdi. Axırıncı dəfə britaniyalılar 1975-ci ildə referendumla Aİ-də qalmaq qərarı veriblər. Lakin o zamandan indiyə qədər Aİ və Britaniyada çox dəyişikliklər olub və təşkilat Birləşmiş Krallığın həyatına daha çox nəzarət etməyə başlayıb.
Yuxarıda qeyd etdiyimiz “sadə sual” - “Birləşmiş Krallıq Avropa İttifaqına üzv olaraq qalmalıdır yoxsa Aİ-dən çıxmalıdır” sualı sadə kimi görünsə də əslində Birləşmiş Krallığın referendum tarixindən sonrakı ticarət iqtisadiyyat siyasət və s. demək olar ki, bütün sahələrində dəyişikliklərə səbəb olacaq. Məsələn, Britaniyanın nüfuzlu siyasətçilərindən olan London meri Boris Consonun Aİ-dən çıxmağı dəstəkləməsindən sonra əmlak bazarında gözlənilmədən dəyişikliklər olmuşdu.
Baş nazir Devid Kemeron referendumdan qabaq Avropa ölkələrinin liderləri ilə Birləşmiş Krallığın üzvlük şərtlərinin dəyişdirilməsi və ölkəyə xüsusi status verilməsini razılaşdırdı. Referendum nəticəsində Britaniyanın Aİ-də qalacağı təqdirdə icra olunacaq həmin razılıq Birləşmiş Krallığın Aİ ilə bağlı əsas problemlərinin həllini nəzərdə tutur. Buraya immiqrasiya problemi və Britaniyaya öz münasibətlərinin qurulmasında bir az da müstəqillik verilməsi daxildir.
Britaniyanın Aİ-dən çıxmasını kim istəyir? Bu məsələdə Britaniya ictimaiyyəti demək olar ki, bərabər olaraq bölünüblər. Əhalinin yarısı Britaniyanın Aİ-ni tərk etməsini istəyir. Bunu ictimaiyyətin fikirləri ilə bağlı anketlər təsdiqləyir. London Meri Boris Conson, Britaniya İstiqlal Partiyası və Mühafizəkarlar Partiyasının bir hissəsi, bir neçə nazir və leyborist deputatlardan bəziləri Birləşmiş Krallığın Aİ-dən çıxmasını dəstəkləyirlər. Onların düşüncəsinə görə, biznes sahəsində həddindən çox qaydalar var. Bundan başqa, üzvlük haqqı olaraq həddindən artıq vəsait xərclənir və yalnız az bir hissəsi Britaniyaya geri dönür. Onlar, həmçinin Birləşmiş Krallıq sərhədlərini tam nəzarətə götürmək və bu ölkəyə Avropadan iş üçün gələnlərin sayını azaltmaq istəyirlər.
Baş nazir Devid Kemeron, bir neçə digər partiyalar, Liberal demokratlar, həmçinin Aİ ölkələrindən Fransa, Almaniya və ABŞ Prezidenti Barak Obama Birləşmiş Krallığı Aİ-də görmək istəyirlər. Onların fikrincə, Aİ-də qalmaq ticarəti asanlaşdırır. Britaniyaya işçi olaraq gələnlərin çoxu gənc nəsildir və ölkə iqtisadiyyatına müsbət təsir göstərirlər. Onlar, həmçinin düşünürlər ki, Avropa İttifaqı olmadan Britaniyanın dünyadakı statusu zədələnəcək.
Hansı kampaniyanın daha haqlı olduğunu demək çox çətindir. Bu, məsələyə hansı tərəfdən baxılması ilə bağlıdır. Bir həqiqət var ki, Aİ-dən çıxmaq Birləşmiş Krallıq üçün çox vacib məsələdir, xüsusilə gələcək nəsil və növbəti seçkiləri qazanacaq namizəd üçün. Eyni zamanda, qeyd etmək lazımdır ki, Aİ-dən çıxmaq bu birliyi tamamilə tərk etmək mənasına gəlmir. Aİ-yə aid bəzi qanunlar Britaniyada saxlanıla bilər. Bunlar referendum nəticələrinə əsasən Britaniya hökumətinin alacağı qərarlara bağlıdır.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London