Brodveydə “Ohayoda necə rəqs etməli” müziklinin premyerası olub
Bakı, 18 dekabr, AZƏRTAC
Brodveydə “The Belasco Theatre”ın səhnəsində bu yaxınlarda nümayiş etdirilən “Ohayoda necə rəqs etməli” müzikli 2023-cü ili başa vuran ən səs-küylü premyera olub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Semmi Kennaldın quruluş verdiyi müzikldə rejissor Aleksandra Şivanın eyniadlı sənədli film-dramı əsas götürülüb. 2015-ci ildə ekranlara çıxan film həqiqətən də Kolumbusda (ABŞ, Ohayo ştatı) autistlər üçün “Amigo Family Counseling” psixi sağlamlıq mərkəzində çəkilib. Qəhrəmanlar - klinikanın pasiyentləri doktor Emilio Amiqonun rəhbərliyi ilə rəqs etməyi öyrənir, bundan ötrü özlərinə partnyor seçir, bir-birini görüşə dəvət edirdilər.
Emilio Amiqo filmin treylerində bu barədə deyib: “Rəqs bir çox halda autizmlə yaşayan insanların ən pis sensor təəssüratlarının məcmusu olacaq. Lakin onlar müvəffəqiyyət qazana bilmələrinə inanacaqlar”.
Bu Brodvey quruluşunun xüsusiyyəti ondadır ki, insanların həyatının çətinliklərindən söhbət açan tamaşada psixikanın autik pozuntusundan əziyyət çəkən baş rolların ifaçılarını məhz bu diaqnozu daşıyan gənc aktyorlar oynayıb.
Nyu-Yorkun teatr tənqidçilərinin fikrincə, Brodveydə “The Belasco Theatre”da debüt edən artistlər onların diaqnozu nəzərə alınarsa, kifayət qədər uğurla bu işin öhdəsindən gəliblər. Onlar səhnədə peşəkarcasına hərəkət edir, tamaşaçının diqqətini özünə cəlb etməyi bacarırlar.
“Ohayoda necə rəqs etməli” müziklini ekspertlərin çoxu artıq uğurlu adlandırıb. Müziklin Brodveydə nümayişi anşlaqla keçir. Quruluşda debüt edən aktyorları isə böyük gələcək gözləyir.