QAN YADDAŞI
Brüssel şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilmişdir
Bakı, 21 yanvar (AZƏRTAC). Belçika Azərbaycanlıları Cəmiyyəti (BAC) bu ölkənin paytaxtı Brüssel şəhərində “20 Yanvar - qanlı və şanlı tariximiz” mövzusunda tədbir keçirmişdir.
Belçika Azərbaycanlıları Cəmiyyətinin mətbuat və informasiya xidmətindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, tədbirdə
Belçikada yaşayan 100-ə yaxın soydaşımız, bir neçə yerli qeyri-hökumət təşkilatının nümayəndələri, Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov, ölkəmizin NATO-dakı daimi nümayəndəliyinin rəhbəri Xəzər İbrahim, “EU Reporter” İnformasiya Agentliyinin nümayəndəsi, almaniyalı siyasi ekspert, “Belçika Xəbər” qəzetinin əməkdaşı Gəlil Gündoğdu, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi, “Dayaq” Cəmiyyətinin sədri Asəf Bağırov, Benilüks Azərbaycanlıları Konqresinin nümayəndəsi Musa Pünhan və digər qonaqlar iştirak etmişlər.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Səfir Fuad İsgəndərov çıxışında Vətənimiz Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün hər kəsin fəal olmasının vacibliyini vurğulamış və bu tədbirin keçirilməsinin bu mənada böyük rol oynadığını bildirmişdir. Səfir demişdir ki, 20 Yanvar hadisələri xalqımızın qəhrəmanlıq tarixinin bir hissəsidir. Xalqımız tarix boyu çox böyük qəhrəmanlıqlar və şücaətlər göstərmişdir. 20 Yanvar günü də xalqımızın daim fəxr edəcəyi belə tarixdir. F.İsgəndərov demişdir ki, işğal edilmiş Qarabağımızın da azad olunaraq qələbəmizi qeyd edəcəyimiz gün uzaq deyildir.
Daha sonra NATO-dakı nümayəndəliyimizin rəhbəri Xəzər İbrahim, tədbirin təşkilatçısı BAC-ın sədri Rəşad Xasayoğlu və digər çıxış edənlər şanlı və qanlı tariximiz olan 20 Yanvar hadisələrindən, qəhrəman oğul və qızlarımızın həmin gecə göstərdikləri şücaətlərdən bəhs etmiş, həmin hadisələrin bütün dünyada təbliğinin davam etdirilməsinin vacibliyini bildirmişlər.
Tədbirin rəsmi hissəsindən sonra 20 Yanvar faciəsindən bəhs edən film nümayiş olunmuşdur.