Bu gün İranda İslam İnqilabının ildönümü qeyd olunur
Tehran, 10 fevral, AZƏRTAC
Hər il fevralın 10-da İranda İslam İnqilabının ildönümü qeyd olunur və bu münasibətlə Tehranla yanaşı, digər böyük şəhərlərdə kütləvi yürüşlər keçirilir.
AZƏRTAC xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq cari il inqilabın 42-ci ildönümünü qeyd etmək üçün yalnız avtomobillərlə yürüşə icazə verilib.
İslam İnqilabı İranın sosial-iqtisadi və ictimai-siyasi həyatında dönüş nöqtəsi olub. Belə ki, 1979-cu ildə İranda 2500 illik monarxiya rejiminə son qoyulub və ölkə nə Şərq, nə də Qərb, yalnız öz yolu ilə irəliləməyə başlayıb.
Pəhləvi hakimiyyətinin ölkədə yaratdığı polis rejiminə baxmayaraq, İran ruhaniləri baş verən ədalətsizlik və haqsızlığa qarşı çıxış edirdilər. Təbii sərvətlərlə zəngin olan İranın xalqı səfalət və aclıq içində yaşayırdı. Neft və qaz tamamilə Qərb şirkətlərinin əlində cəmləşmişdi. Bu şirkətlər şah və onun ailəsini himayə edərək neft və qaz gəlirlərindən İran büdcəsinə cüzi ödəniş edirdilər. İş o yerə çatmışdı ki, ruhanilərin lideri Ruhullah Xomeyni rejim tərəfindən ölkədən çıxarıldı. O, əvvəlcə İraqda, Küvetdə, Türkiyədə, sonra isə Fransada mühacir həyatı yaşamaq məcburiyyətində qaldı. Lakin 1979-cu il fevralın 1-də İrana qayıdaraq inqilaba rəhbərlik etməyə başladı. Təsadüfi deyil ki, hər il fevralın 1-dən 10-dək İranda “İnqilab ongünlüyü” qeyd olunur. Ongünlükdə müxtəlif festivallar və tədbirlər keçirilir.
Beləliklə, 1979-cu il fevralın 10-da İranda İslam İnqilabı baş verdi və hakimiyyət ruhanilərin əlinə keçdi. Bu gün İran İnqilabdan əvvəlki illərlə müqayisədə bir çox sahələrdə tərəqqiyə nail olub.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran