Bu gün xalqımızın həm şəhidlik və həm də rəşadət günüdür
Bakı, 21 yanvar (AZƏRTAC). 20 Yanvar Azərbaycan tarixində xalqımızın həm şəhidlik və həm də rəşadət günüdür.
Bu sözləri AZƏRTAC-a Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanına ziyarətə gələn və o hadisənin şahidi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev
demişdir.
Şöbə müdiri bildirmişdir ki, 1990-cı il yanvarın 20-də Bakı şəhərinə dörd tərəfdən daxil olan imperiya qüvvələri xüsusi hazırlanmışdı və onlarda heç bir mərhəmət hissi yox idi. Təbii ki, həmin dövrdə bütün hadisələrdən baş çıxarmaq çətin idi və biz yalnız illər keçdikcə onun dərin qatlarına nüfuz edə bildik.
Hesab edirəm ki, ulu öndərimiz Heydər Əliyev yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış etməklə öz xalqına sahib çıxmışdır. Bu hadisəyə siyasi qiymət verilməsinin təşəbbüskarı da məhz dahi şəxsiyyət Heydər Əliyev olmuşdur. Biz zaman keçdikcə bu məsələləri gənc nəslə daha yaxşı təlqin etməliyik.
O günləri yaşayan bir insan kimi deyə bilərəm ki, Qanlı Yanvar hadisələrində xalqımızın mərd oğul və qızları düşmənin ölümsaçan silahından çəkinməyərək, müstəqillik və azadlıq uğrunda şəhid oldular. Allah şəhidlərimizə rəhmət etsin!