Bu həftə Estoniyaya yalnız Finlandiyadan məhdudiyyət olmadan gəlmək mümkün olacaq
Tallin, 3 noyabr, AZƏRTAC
Digər Avropa ölkələrində olduğu kimi, son günlər Estoniyada da koronavirusa yoluxma sayında ciddi artım müşahidə edilir. Belə ki, ölkədə koronavirusa ümumi yoluxma əmsalı artır, 2-8 noyabr tarixlərində Estoniya ərazisinə yalnız Finlandiyadan asanlıqla daxil olmaq mümkün olacaq. Digər Avropa ölkələrindən gələn şəxslər üçün isə məhdudiyyətlər hələ də qüvvədə qalmaqdadır.
AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, noyabrın 2-dən etibarən ikihəftəlik özünütəcrid rejiminə riayət etmək və ya məcburi şəkildə koronavirus testindən keçmək Estoniyaya Avstriya, Andorra, Belçika, Bolqarıstan, Vatikan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Kipr, Latviya, Litva, Lixtenşteyn, Lüksemburq, Malta, Monako, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, San-Marino, Slovakiya, Sloveniya, Fransa, Xorvatiya, Çexiya, İsveç və İsveçrədən gələn sərnişinlər üçün qüvvədə qalır.
Bununla yanaşı, Latviya və Litvadan gələn sərnişinlər üçün kiçik güzəşt nəzərdə tutulub. Belə ki, özünütəcrid rejimində qalmaq istəməyənlər Estoniyaya gəlməmişdən 48 saat əvvəl koronavirus testindən keçməli və analizlərinin nəticəsi mənfi olmalıdır.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin