Bu il peşə hazırlığı keçən 54 gəncə şəhadətnamə verilib
Bakı, 12 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində peşə hazırlığı keçən gənclərin qiymətləndirilməsi aparılıb.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iştirakçıların kurs müddətində biliklərə yiyələnmə səviyyəsini yoxlamaq məqsədi daşıyan qiymətləndirmə kompüter istifadəçisi, tikişçi, kişi və qadın bərbəri, aşpaz köməkçisi, bədii oyma, toxuculuq və dulusçuluq peşələri daxil olmaqla 8 istiqamət üzrə keçirilib.
Ümumilikdə 19 nəfərin qazandığı yeni bilik və bacarıqlarla bağlı hazırlıq səviyyələri yoxlanıb.
İmtahan komissiyasının qərarına əsasən onlardan 15 nəfərinə şəhadətnamə, 4 nəfərinə arayış təqdim edilib. Ümumilikdə isə 2024-cü il ərzində müəssisədə üç dəfə qiymətləndirilmə aparılıb və kursları 54 nəfər şəhadətnamə ilə bitirib.
Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi həmin kateqoriyadan olan şəxslərin sosial reabilitasiyası üçün mütəmadi tədbirlər görür. Mərkəzdə fiziki və yüngül formalı əqli və psixi pozuntuları olan 15-29 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada müxtəlif peşələr üzrə 3-6 aylıq kurslar təşkil olunur.