Bu yurdun hər daşında Əliyarın xatirəsi var... FOTO
Qubadlı, 14 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Bir zamanlar Əliyar Əliyev və ailəsinin firavan yaşadığı evdən indi əsər-əlamət qalmayıb. Qubadlının Qəzyan kəndindəki bağ-bağatlı həyət düzə çevrilib, evdən isə uçub-dağılmış divarları qalıb. Buna baxmayaraq, hər daşında, hər qarışında Milli Qəhrəmanımızın xatirələri olan bu ocaq Əliyarın doğmaları üçün indi ziyarət yerinə çevrilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Əliyar Əliyevin ailə üzvləri Milli Qəhrəmanın evini ziyarət ediblər.
Əliyar Əliyevin bacısı Kifayət xanım evin qalıqlarını görüb gözləri yaşarır. Axı uşaqlığının keçdiyi bu ocaq onun üçün çox əzizdir. Deyir ki, bu evi Əliyar tikmişdi. Əvvəl kəndin aşağısında yaşayırdılar, sonradan bura köçüb firavan həyat sürüblər. Ta ki erməni işğalınadək... O günləri xatırlayan həmsöhbətimiz bildirir ki, Əliyar həyətdə böyük bağ salmış, artezian quyusu qazdırmışdı. Evin qarşısında isə zal var idi. Onun tələbələri bu evə gələr, həmin zalda məşq edərdilər. Əliyar həmin idmançılarla birlikdə sonradan döyüşlərə qoşularaq əfsanəvi qəhrəmana çevrildi.
“Gözəl xatirələrimiz olub burada. Uzun illər sonra ilk dəfə doğma kəndimizə gələndə viran qoyulmuş yurd yerimizi gördüm, kövrəldim. Amma içimdə qürur hissi də vardı. Çünki bu torpağın hər qarışı, hər daşı, qayası bizə əzizdir. Əliyarın evini ziyarət edəndə onun əziz xatirələri gəldi gözümün önünə. Bu torpaqların azad olunması ilə bütün şəhidlərimizin, o cümlədən Əliyarın ruhu da şad olub. Ən böyük arzumuz idi doğma yurdumuza qovuşmaq. Bu günləri bizə bəxş edən Ali Baş Komandana və qüdrətli Ordumuza təşəkkür edirik”, - deyə o bildirib.
Ata evini ziyarət edən Əliyarın oğlu Emin də uzun illər idi ki, doğma torpaqlarına qovuşacağı günün ümidi ilə yaşayıb. Elə bu məqsədlə də atasının yolunu davam etdirərək 2001-ci ildən ordu sıralarında xidmətə başlayıb. Vətən müharibəsində də iştirak edib, düşmənə qan uddurub. 2020-ci ildə Qubadlı azad olunduqdan sonra atasının məzarını və evlərini ziyarət edib: “Burada çox gözəl xatirələrimiz var. Atam evi 1986-cı ildə tikmişdi, hər səhər həyətdə məşq edərdik. Evin vəziyyətini görürsünüz də... Biz buradan məcburi köçkün düşəndə 5-ci sinifdə oxuyurdum. Evdən heç nə götürə bilməmişdik. Ümid edirik ki, bu ev ata yadigarı kimi yenidən bərpa olunacaq”.
Qeyd edək ki, bu gün Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür. 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olan Əliyar yaşasaydı 65 yaşı olacaqdı... Milli Qəhrəmanımızın bacı-qardaşları Əliyarın və atalarının məzarını da ziyarət ediblər.