Bulud texnologiyası əsasında tədris kontentlərinin formalaşması məsələləri araşdırılıb
Bakı, 13 mart, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda şöbənin əməkdaşı Esmira Ələsgərova bulud texnologiyası əsasında təhsil kontentlərinin formalaşması və mühafizəsinin tətbiqi məsələsi haqqında məruzə edib. Qeyd olunub ki, bulud texnologiyaları tədris kontentinin formalaşmasında tələbənin fəal iştirak etməsi üçün təlim trayektoriyasının qurulmasına geniş imkanlar yaradır. Ali təhsil müəssisələrində üç əsas bulud modellərindən - proqram təminatı xidməti kimi - SaaS”, infrastruktur xidməti kimi - “IaaS”, platforma xidmət kimi -“PaaS”dan istifadə olunur.
Məruzəçi təhsil sistemində “Microsoft Learning Suite” proqram paketi və “Microsoft Office 365” bulud məhsulunun istifadəsinin genişlənməkdə olduğunu, “Windows Azure”, “Moodle”, “WebCT”, “E-Learning Server”, “Prometheus” və s. platformalar əsasında təhsil idarəetmə sistemlərinin yayıldığını diqqətə çatdırıb. Bildirib ki, təhsil təcrübələrində ən populyar bulud xidmətləri sistemləri olan “Microsoft Live@edu” və “Google Apps Education Edition” ünsiyyət və əməkdaşlığın səmərəliyini artırmaq üçün yaxşı vasitələrdir.
Sonra E.Ələsgərova bulud xidmətlərindən istifadənin müsbət və mənfi cəhətlərindən, bulud texnologiyası əsasında təhsil kontentlərinin mühafizəsi metodlarından bəhs edib. O, Avropa İttifaqı ölkələrində şəxsi məlumatların ötürülməsi haqqında qanunların mürəkkəb olduğunu və şəxsi məlumatların ötürülmə prosesinin xüsusi üsullar vasitəsilə həyata keçirildiyini diqqətə çatdırıb.